
Dünyada azadlıqdan məhrum edilən insanların sayı son illərdə yüksək səviyyədə qalmaqda davam edir. Beynəlxalq araşdırmalara əsasən, hazırda planetimizdə həbsxanalarda saxlanılan insanların ümumi sayı 9,4 milyon nəfər civarındadır.
Bu məlumatlar "Institute for Crime & Justice Policy Research" tərəfindən təqdim edilən statistikaya əsaslanır.
Bu rəqəm təkcə kriminal vəziyyətin göstəricisi deyil, həm də ölkələrin hüquq sistemi, sosial siyasəti və idarəçilik modelinin bir növ güzgüsü hesab olunur.
Ən çox məhbus hansı ölkələrdədir?
Qlobal statistikaya görə, həbsdə olanların sayına görə ilk sıralarda böyük dövlətlər qərarlaşıb.
Siyahıya Çin başçılıq edir. Bu ölkədə 1,95 milyon məhbus var. Amerika Birləşmiş Ştatları isə siyahıda ikinci sırada gəlir. Rəsmi məlumatlara görə, ölkədə təxminən 1,73 milyon nəfərin həbsdə olduğu bildirilir.
İlk "onluğa" daxil olan digər ölkələr bunlardır:
Braziliya — 664 min
Hindistan — 448 min
Rusiya — 356 min
Türkiyə - 246 min
Tayland - 230 min
İndoneziya - 199 min
Meksika - 172 min
İran - 162 min
Bu mənzərə göstərir ki, məhbus sayının yüksək olması yalnız cinayət səviyyəsi ilə deyil, dövlətlərin tətbiq etdiyi cəza siyasəti ilə də birbaşa bağlıdır.
Rusiya, İran və Türkiyə məhbus sayına görə ilk "onluq"da olsa da, regionun digər ölkələrində də göstəricilər yüksəskdir. Belə ki, Gürcüstan və Ermənistanda məhbus sayı əhali sayı ilə nisbətdə xeyli çoxdur. Gürcüstanda 10 523, Ermənistanda isə 2469 nəfər həbsdədir.
Araşdırmalar göstərir ki, həbsdə olanların hamısı məhkum edilmiş şəxslər deyil. Onların mühüm hissəsi hələ məhkəmə qərarı çıxmamış şəxslərdir. Statistikaya görə hazırda həbsdə olanların təxminən 30%-i istintaq altındadır, qadın məhbusların payı isə 6–7% təşkil edir. Eyni zamanda orta hesabla hər 100 min nəfərə 140–150 məhbus düşür
9,5 milyondan çox insanın həbsdə olması qlobal miqyasda ciddi sosial reallığı əks etdirir. Bu göstərici yalnız hüquq-mühafizə sisteminin deyil, bütövlükdə cəmiyyətlərin vəziyyətini ortaya qoyur. Mütəxəssislər hesab edir ki, gələcəkdə bir çox ölkələr sərt cəza siyasətindən uzaqlaşaraq reabilitasiya və reinteqrasiya modelinə daha çox üstünlük verəcək.


