Milli Məclisin bu gün keçirilən Cinayət Məcəlləsinə təklif ediən dəyişikliklər iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsini parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Dəyişikliklərə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir.
Başqa sözlə, Cinayət Məcəlləsinin müvafiq maddəsində (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) cinayətin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır. Maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (9 min manatdan 13 min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilir. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilir. Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması da əlavə edilir.
Cinayət Məcəlləsinin digər madəsinə görə, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq. Layihə səsə qoyularaq sonuncu oxunuşda qəbul edilib.


