"Türkiyə hərbçiləri Azərbaycandadır. Qarabağ da Azərbaycanındır".
RegionTV.info-nun "Pravda.az"-a istinadən xəbərinə görə, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, Türkiyə ilə nəzərdə tutulmuş hərbi əməkdaşlığımız plan üzrə yerinə yetirlir:
"Azərbaycanın ərazi bötüvlüyü bərpa edilib, Azərbaycan ərazisindən işğalçı dövlətin silahlı qüvvələri çıxarılıb, müvafiq üçtərəfli bəyannaməyə qol çəkilib, Azərbaycan Prezidentinin bütün şərtləri o bəyannamədə təsdiqini tapıb və hazırda biz ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanda yaşayırıq.
O bəyannamənin (10 Noyabr) bir bəndi də Rusiya-Türkiyə birgə monitorinq qrupunun yaradılması ilə bağlı idi. Monitorinq qrupu üçün razılıq əsasında Azərbaycan ərazisində yer ayrılıb. Monitorinq qrupunun işləməsinə görə yaradılacaq şərait üçün bir müddət lazım oldu. Artıq o işlər yekunlaşıb və monitorinq qrupu da artıq öz fəaliyyətinə başlayacaq. Ona görə də mən burada problemli heç bir məsələ görmürüm. Türkiyənin mina sahələrinin təmizlənməsi üçün 100 nəfərdən yuxarı mühəndis istehkamçıları Azərbaycandadır. Monitorinq qrupu da artıq Azərbaycandadır, işə başlayacaq.
Türkiyəylə Azərbaycanın iş birliyi davam edir. Qardaş ölkədir, bütün sahələrdə sıx əlaqələrimiz var, o cümlədən hərbi sahədə. Nəzərdə tutulmuş bütün əməkdaşlıqlar plan üzrə yerinə yetirlir. Fevralın 1-də Qarsda iki ölkənin hərbiçilərinin iştirakı ilə birgə "Qış təlimi" olacaq. Hər şey normal davam edir. Hələ ki infrastruktur imkan vermir ki, Türkiyə silahlı qüvvələrinin böyük heyəti işğaldan azad olunmuş ərazilərə yerləşdirilsin. Biz indi 60 nəfərdən ibarət monitorinq qrupunun işini təmin etmək üçün 2 ay vaxt sərf etdiksə, böyük heyət üçün daha çox zaman tələb olunur. Ehtiyac olarsa Türkiyənin hüquqi bazası silahlı qüvvələrinin Azərbaycana göndərilməsinə hazırdır. Tükiyə Böyük Millət Məclisində türk əsgərlərinin Azərbaycanda xidmət etməsi ilə bağlı artıq qərar qəbul olunub. Yəni, Azərbaycanın da Türkiyə ilə strateji əməkdaşlıq haqqında 2013-cü ildə sazişi var. O sazişin demək olar ki, bütün bəndləri təhlükəsizlik məsələlərini əhatə edən və bu istiqamətdə Türkiyə ilə birgə fəaliyyəti əks etdirən məsələlərdir. Türkiyənin daha geniş heyətlə Azərbaycana gəlməsinə ehtiyac olarsa bu həyata keçəcək".
Ş.Ramaldanov deyib ki, Türkiyə hərbi heyyətinin geniş tərkibdə Azərbaycana gəlməyinə heç bir maneçilik yoxdur:
"Bölgədə Rusiya sülhməramlılarının olmasını nəzərə alaraq Türkiyənin də o sayda sülhməramlılarının Azərbaycana gələcəyi deyilirdi. Hazırda bunun üçün də bir problem yoxdur. Sadəcə hər yer minalanıb, mənə elə gəlir ki, o ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, minalardan təmizləndikdən, infrastruktur yavaş-yavaş inkişaf edəndən, o cümlədən hərbi şəhərciklərin orada tikilməsi ilə bağlı müəyyən bir işlər görüldükdən sonra ehtiyac olarsa, Türkiyə heyətinin geniş tərkibdə Azərbaycana gəlməyinə heç bir maneə yoxdur.
İki qardaş ölkənin dövlət başçıları da öz aralarında daim təmasdadırlar, digər müvafiq nazirliklər daim təmasdadırlar. İstənilən an Türkiyə silahlı qüvvələrinin hərbçiləri Azərbaycana gələ bilər və gəllib gedirlər də. İndi eyni zamanda Türkiyənin hərbi mütəxəssisləri geniş tərkibdə Azərbaycandadırlar və Azərbaycanın da hərbi mütəxəssisləri mütəmadi olaraq Türkiyəyə gedirlər. Bu iki ölkə arasında hərbi münasibətlər getdikcə inkişaf edir. Niyə burada deyillər?! Deməli zərurət yoxdur. Gələcəkdə zərurət olrsa şərait yaratmaq lazımdır. Şərait üçün də zaman lazımdır. Orada infrastrukturu bərpa etmək lazımdır. Türkiyə silahlı qüvvələri gəlib Bakıda oturmayacaq ki. Gələcəkdə zərurətdən irəli gələrsə, lazım olan qərarlar qəbul ediləcək. Və bilirəm ki, o qərarlar Türkiyə-Azərbaycan qardaşlığına sadəcə daha da təkan verəcək".
Xəbəri paylaş