
İran milli futbol komandasının 2026-cı il dünya çempionatında iştirak edəcəyi dəqiqləşib.
Bunu FIFA prezidenti Canni İnfantino CNBC-nin “Invest in America” forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İran yığması mundiala mütləq qatılacaq:
“Ümid edirik ki, həmin vaxta qədər vəziyyət sülh olacaq. İran komandası gəlməlidir. Onlar öz xalqını təmsil edir, seçmə mərhələni keçiblər və futbolçular oynamaq istəyir”.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək və iyunun 11-də start götürəcək. İran millisinin qrup mərhələsindəki bütün oyunlarını ABŞ-da keçirməsi planlaşdırılır. Bu oyunların Meksikaya keçirilməsi ilə bağlı təklif isə FIFA tərəfindən rədd edilib.
Xatırladaq ki, mart ayında İranın idman naziri komandanın turnirdə iştirak etməyəcəyini bildirmişdi.
İnfantino isə idmanın siyasətdən kənar qalmalı olduğunu vurğulayıb:
“Biz Yer kürəsində yaşayırıq və reallıqları anlayırıq. Amma körpülər qurmaq və onları qorumaq lazımdır – biz də bunu etməyə çalışırıq”.


