Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vaşinqtondakı təxribatın arxasında Rusiya ilə İran durur

Vaşinqtondakı təxribatın arxasında Rusiya ilə İran durur

Dünən ABŞ-nin paytaxtı Vaşinqtonda  Sülh Şurasının ilk toplantısı keçirilib. Yekunda ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının prinsiplərini və maliyyə hesabatlılığını müəyyən edən qətnaməni imzalayıb. Görüşdən sonra ABŞ-də yaşayan və özünü müxalifət kimi təqdim edən bir sıra azərbaycanlılar Vaşinqtonda  Prezident İlham Əliyevin qaldığı otelin ətrafında təhlükəsizlik perimetrini zorakı formada pozmağa çalışıb, qeyri-etik ifadələr işlədib, təhrikedici və zorakı addımlar atıblar. Təxribatçıların cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alınıb.
Dövlətə xəyanətdə ittiham olunan Əli Kərimli və bir sıra digər AXCP üzvləri üçün “azadlıq” tələb edən bu adamların ABŞ-də Erməni Milli Komitəsindən(ANCA-dan) və erməni lobbisi ilə əlaqələri bilinən Frenk Palloni tərəfindən dəstəklənməsi diqqət çəkir.
 

Politoloq Yeganə Hacıyeva bildirib ki, günümüzdə qlobal ölkə maraqların kəskin toqquşduğu regionlarda aparıcı region ölkələrinin müqavimətlərinin sındırılması məqsədi ilə  oxşar təxribatlara  əl atılır:

"Bu təxribatlar uğurlu xarici siyasət aparan region ölkələrinin rəhbərlərinə qarşı istər ölkə daxilində istərsə də, xaricdə aktiv istifadə olunan alətdir. Oxşar nümunə 16 may 2017-ci ildə Türkiyə Prezidentinin Vaşinqtonda rəsmi səfərdə olduğu zaman baş verib. Həmin gün Rəcəb Tayyub Ərdoğan Ağ Evdə Donald Trampla görüşmüş, Yaxın Şərq regionunun sabitliyi, Suriyanın gələcək aqibəti və s. kimi strateji mövzuların müzakirə olunduğu uğurlu görüş olub. Görüşdən bir neçə saat sonra Türkiyə Prezidenti Ərdoğanın mühafizə xidməti ilə güya “türk etirazçılar” arasında fiziki qarşıdurma olmuşdu. Təxribatçılar Türkiyə səfirliyinə hücüm edib, səfirlikdə Türkiyə Prezidentinin olduğu zala daxil olmağa cəhd etmişdilər. Məntiqi olaraq da Türkiyə Prezidentinin mühafizə xidməti öz vəzifə borcunu yerinə yetirmiş, nəticədə təxminən 11 nəfər xəsarət almış, bir neçə nəfər xəstəxanaya yerləşdirilmişdi. ABŞ polisi insidentlə bağlı cinayət işi açdı və ilkin olaraq Prezident Ərdoğanın mühafizə xidmətindən bir neçə şəxsə qarşı zorakılıq ittihamı ilə cinayət işi başlandı. Bir neçə saat sonra Federal Təhlükəsizlik Bürosu insidentin araşdırması prosesində “etirazçıların” Fətullah Gülən cəmaatı, İran və Rusiya xüsusi xidmət orqanları ilə birgə əməliyyatın iştirakçıları olmasını ortaya çıxardı və cinayət işi bağlandı. Amma hadisə ABŞ və Türkiyə arasında diplomatik gərginliyə də səbəb oldu. Erməni lobbisi və qanunverici orqanlarındakı ruporları bu vəziyyətdən istifadə edərək Türkiyəyə F-35-lərin satılmasına qarşı qadağa cəhdləri etdilər. Bu təxribatlar 2015-ci ildə cevrilişə cəhd və Gezi Parkı hadisələrinin təşkili ittahamları ilə əlaqədar Türkiyədə dövlət aparatındakı FETÖ-cülər işdən çıxarılan dövrə təsadef edirdi. 

Digər yandan Suriyada İran və Rusiyanın zədələnmiş maraqları fonunda Türkiyə və ABŞ əməkdaşlığını önləmək məqsədi ilə həyata keçirilmişdi.Nəticədə, Türkiyə Suriya və ümumiyyətlə, Yaxın Şərq regionunda Rusiya ilə müştərək aktivlərində korrektələr getməli oldu.Qeyd edim ki, həmin hadisənin mediada işıqlandırılmasında əsas rolu istər Amerikadaxili, istər Avropadaxilində erməni lobbisi və onların maliyyə nəzarətində olan media təsisatları etdi.

Erməni lobbisinin ruporları olan konqresmenlər, senatorlar və erməni media şəbəkəsi, erməni maliyyəsi ilə fəaliyyət göstərən media orqanları, eləcə də USİAD və Soros şəbəkəsi qlobal səviyyədə anti-Ərdoğan propaqandası gündəmi yaratdılar".

Y.Hacıyeva vurğulayıb ki, ötən gün Vaşinqtonda baş verənləri də eyni xətt üzrə analiz etmək lazımdır:

"İndi nə baş verir? Qarabağın, Xankəndinin işğaldan azad olunmasından sonra ortada ideologiyası çilik-çilik olmuş erməni diaspor var. Bu diaspor Xankəndinin itirilməsi ilə özünün ümumerməni aktuallığını itirib. Frenk Paloni və digər erməni ruporu konqresmenlərin danışmasını bu istiqamətdə qiymətləndirik. İkinci ən vacib məqam bu hadisənin 2017-ci ildə Ərdoğana qarşı atılan addımla oxşarlığıdır. Cənubi Qafqazın Rusiyanın aqressiv təsirindən çıxması baş verir və yeni bir konfiqurasiya formalaşır. Bu konfiqurasiyanın önündə də Azərbaycan Prezidenti və onun özünə yedək olaraq götürdüyü Ermənistan Baş naziri gəlir. Sülh üçün tərəflərin hamısı iştirak etməlidir və biz Ermənistanın addımlarını nəzarət etmək üçün olduğumuz yerlərdə Ermənistanı da yanımızda aparmalıyıq. Bu proseslərin fonunda Rusiyanın regionda təhlükəsizlik konfiqurasiyasında itirdiyi mövqeləri aktiv tərzdə Ermənistan və Azərbaycanın daxilində kompensasiya etməsini izləməkdəyik.  Amma Rusiya bu acığını istər Ermənistan daxilində, istər Azərbaycan daxilində, ictimai-siyasi və təhlükəsizlik səhələrində konsolidasiya olunmaqla kompensasiya edir. Mənim son on beş ildə daxildəki Rusiya şəbəkəsinin son iki ildəki qədər bu qədər aktivinin ictimai-siyasi layihələrə cəlb olunmasını xatırlamıram. Onlar istər Ermənistanla sülh  və xalq diplomatiyası layihələri, istər Türk Dilli Dövlətlər Təşkilatı üzv ölkələri ilə əlaqəli Mərkəzi Asiya ölkələri ilə əlaqələr, istər də Türkiyə ilə QHT və media münasibətləri sahəsindəki layihələrə cəlb olunublar.

Nəhayət üçüncü nüans İran faktorudur. Dünən ABŞ lideri Donald Tramp açıq şəkildə İranın nüvə danışıqları ilə bağlı gözlədikləri addımı atmayacağı təqdirdə, onun ciddi narahatlıqlarla üzləşəcəyini qeyd etdi. İran öz daxilində çoxsaylı insanın öldürülməsində ittiham olunur və bu səbəbdən də ciddi xarici təzyiqlər altındadır. Bu məsələdə də İranın marağı göz önündədir. 

Yekun olaraq onu da qeyd edim ki, Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin professionallığı nəticəsində mümkün təxribatın qarşısı alındı. Bu təxribatın qarşısının alınması paralel bir neçə məsələlərə öz təsirini göstərdi.Yəni, baş verən proseslər Azərbaycanda istər daxili informasiya müstəvisində,istər də kənarda fiziki təxribatlar bu şəbəkələrin koalisiya oyunudur. Və ehtimal edirik ki, irəlidə daha ciddi təxribatlar var".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də