Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya gör nə GÜNƏ qaldı – 100 min QADIN...

Bir neçə gündən sonra Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasının 4 ili tamamlanacaq. Ukraynanı bir həftəyə öz vassalına çevirəcəyini planlaşdıran Moskva 48 aydır əsas hədəflərinə çata bilmir. Əksinə, işğalçı müharibə Rusiyanın resurslarını getdikdə içəridən daha sürətlə “yeməkdədir”. Söhbət həm də lazım olan insan resurslarından gedir.

Yalnız bir fakt. “Reuters” öz mənbələrinə istinadla xəbər verir ki, Rusiyada sərbəst neft saxlama tutumu ixracın azalması səbəbindən azalır. Agentlik bildirir ki, bu, yeni sanksiyalar və ABŞ Prezidenti Donald Trampın Hindistana təzyiqi ilə əlaqədardır.

“Quruda saxlama qurğuları yalnız 32 milyon barel - Rusiyanın üç-dörd gün ərzində istehsal etdiyi həcm - saxlaya bilir. Bütün neft saxlama qurğularının yarısı artıq istifadədədir. Daha 150 milyon barel dənizdə tankerlərdədir və alıcı axtarır. Mütəxəssislər hesablayıb ki, “Transneft”in boru kəməri şəbəkəsi təxminən 100 milyon barel - təxminən 11 günlük hasilat saxlaya bilər. İxracat artmasa, neft istehsalçıları hasilatı azaltmaq məcburiyyətində qalacaq”, - məlumatda qeyd olunur.

Bu arada məlum olub ki, Rusiya Müdafiə Nazirliyi qadınları müqaviləli xidmətə daha fəal şəkildə cəlb etmək planına başlayıb. Səbəb arxa cəbhənin dərinliklərində strateji obyektlərin qorunması zərurətidir. Bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

“Qadınlar əla hücum dəstələri deyillər, amma potensial olaraq pilotsuz təyyarəni vura bilərlər. Yaya qədər əlavə 100 min rus qadını orduya cəlb etmək istəyirik. Onların ödənişləri hərbi əməliyyatda iştirak edənlərlə eyni olmayacaq”, - mənbə bildirib.

Bu yeniliklər nədən xəbər verir? Rusiya qadınların ümidinəmi qalıb? Putin cəbhədəki canlı itkiləri kompensasiya edə bilmir, yoxsa...

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Rusiya ordusuna qadınların cəlb edilməsi xeyli vaxtdır başlayıb və məcburiyyətdən atılan addımdır:

“Çünki Rusiyada orduya cəlb etmək üçün insan resursu problemi yaşanır. Əksər qoşun növlərinə qadınların cəlb edilməsi prosesi gedir. Bu, əslində rəsmi elan olunmayan səfərbərlikdir. Rusiya xüsusi əməliyyat adı ilə 4 ildə Ukraynanın xeyli ərazisini işğal edib. Lakin işğal ona çox baha başa gəlib və gəlməkdədir. Artıq Rusiya ordusu qadınları xidmətə cəlb etmək məcburiyyəti ilə üz-üzə qalıb. Bu ordunun canlı qüvvə itkiləri o dərəcədə böyükdür ki, qoşun növlərində əsgər, zabit çatışmamazılığı ciddi problem kimi meydana gəlib. Cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusları orduya cəlb etmək məcburiyyətində qaldılar.

Bu da problem həll etmədi. Qarşıdakı müddətdə qadınların daha kütləvi orduya cəlb ediləcəyini görəcəyik. Əsasən də əyalətlərdən, qeyri-rus millətindən olan qadınların orduya cəlb edilməsi kütləvi hal alacaq. Necə ki, indiyə qədər qeyri-rus millətindən olan kişiləri kütləvi döyüşə aparıb məhv olmalarına səbəb oldular, indi də növbə qadınlara çatıb”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də