ABŞ-də yaşayan erməni milyarder Nubar Afeyan Bakıda mühakimə olunan Ruben Vardanyanla bağlı emosional açıqlama verib.
regiontv.info xəbər verir ki, o, Azərbaycan məhkəməsinin çıxardığı hökmü “absurd” adlandıraraq onun azadlığa buraxılması üçün mübarizə aparacağını bildirib.
Müşahidəçilərin fikrincə, Afeyanın bu reaksiyası erməni diasporunda yaranan ciddi təşvişin göstəricisidir. Artıq diaspor strukturları anlayır ki, Azərbaycanın suveren ərazisində qanunsuz fəaliyyət göstərmiş şəxslərin məsuliyyətə cəlb olunması davam edəcək və Vardanyan işi bunun ilk açıq siqnallarından biridir.
Ruben Vardanyan Azərbaycanın Qarabağ bölgəsində mövcud olmuş qondarma separatçı qurumun rəhbərlərindən biri kimi fəaliyyət göstərib. O, ölkənin suveren ərazisinə qanunsuz daxil olaraq burada fəaliyyət göstərib və antiterror tədbirlərindən sonra saxlanılıb. Azərbaycan məhkəməsi onun əməllərinə hüquqi qiymət verərək hökm çıxarıb.
Ekspertlər hesab edir ki, bu qərar təkcə bir şəxslə bağlı deyil - Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş şəxslərin hər birinin gec-tez hüquqi məsuliyyətə cəlb ediləcəyinin mesajıdır. Bu səbəbdən diaspor nümayəndələrinin narahat açıqlamaları da artmaqdadır.


