Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mavi işıq tələsi: gecə telefonuna baxanları nə gözləyir?

Gecə yatmazdan əvvəl smartfon ekranına baxmaq zərərsiz vərdiş kimi görünsə də, mütəxəssislər bunun göz sağlamlığı üçün ciddi risklər yaratdığını bildirirlər.

Aparılan araşdırmalar tam qaranlıqda telefon ekranının yaratdığı kəskin işıq kontrastının göz əzələlərini həddindən artıq yorduğunu, göz daxili təzyiqi artırdığını və mavi işığın torlu qişaya mənfi təsirini gücləndirdiyini göstərir.

Mütəxəssislərin sözlərinə görə, skrollinq zamanı insanlar normaldan təxminən 60 faiz daha az göz qırpır. Bu isə qısa müddət ərzində göz quruluğu, yanma, qızartı və “rəqəmsal göz yorğunluğu” ilə nəticələnir. Xüsusilə göz problemlərinə meyilli şəxslərdə bu proses qlaukoma tutmasını belə tətikləyə bilər.

Həkimlər bildirir ki, mavi işığın təsiri yalnız görmə ilə məhdudlaşmır. Bu işıq eyni zamanda melatonin hormonunun ifrazını azaldır, nəticədə yuxu rejimi pozulur, orqanizm gecə istirahətini tam bərpa edə bilmir.

Mütəxəssislər tövsiyə edir:

telefonun parlaqlığını minimuma endirmək və gecə rejimini aktivləşdirmək;

otaqda zəif işıq mənbəyindən — gecə lampasından istifadə etmək;

ən ideal variant kimi isə telefonu yatmazdan 1–2 saat əvvəl kənara qoymaq.


Həkimlərin yekun fikri sadədir: gecə telefon vərəqləmək vərdişi təkcə yuxunu deyil, uzunmüddətli perspektivdə görmə qabiliyyətini də təhlükə altına alır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də