Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“El nə deyər?”, “Qonum-qonşu bilməsin” kimi sözlərə fikir verməyin - DİN-dən çağırış

Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.

Qurumun Mətbuat xidmətindənbildirilib ki, məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş verdikdən sonra müdaxilə etmək deyil, həm də profilaktik tədbirlərlə riskləri əvvəlcədən azaltmaqdır.

Qeyd edilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər həm hüquqi, həm sosial, həm də maarifləndirici xarakter daşıyır: “Zorakılığa məruz qalan hər bir qadın “Ailə içində olur belə şeylər”, “El nə deyər?”, “Qonum-qonşu bilməsin”, “Bir az döz, düzələr” kimi ifadələrlə mütləq rastlaşır. İlk baxışdan bu, şəxsi problem kimi görünsə də, əslində gender əsaslı zorakılıq sağlam təməlli gələcək üçün ciddi təhlükədir.

Qeyd olunmalıdır ki, “ailə məsələsi” pərdəsi arxasında gizlənən zorakılıq bir qadının alın yazı yox, cəmiyyətin təhlükəsizliyinə yönələn hüquq pozuntusudur. Heç bir qadın döyülməyə, təhqir olunmağa, alçaldılmağa və qorxu içində yaşamağa məhkum deyil. Susmaq problemi həll etmir, onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır”.

Digər qurumlarla yanaşı DİN-in “102” Xidməti-Zəng Mərkəzi, “E-polis” mobil tətbiqində “102 SOS” funksiyası və sosial şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət edir:

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, zorakılıq təkcə bir qadının problemi yox, onun qonşusunun, tanışının, şahid olan hər bir vətəndaşın məsuliyyətidir. Sağlam ailə dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla üzləşən, eləcə də şahidi olan hər kəsə aidiyyəti dövlət qurumlarına məlumat vermələri tövsiyə olunur.

Şiddət bir evin divarları arasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də