ABŞ Ədliyyə Departamentinin açıqladığı və ictimaiyyətdə “Epşteyn faylları” kimi tanınan sənədlər dünya gündəmində geniş rezonans doğurmaqda davam edir. Sənədlərdə yer alan ən diqqətçəkən və eyni zamanda həssas faktlardan biri müqəddəs Kəbə örtüyünün – “kisvə”nin bir hissəsinin 2017-ci ildə amerikalı maliyyəçi və qalmaqallı fiqur Ceffri Epşteynə göndərilməsi ilə bağlıdır.
Bu barədə Middle East Eye nəşri ABŞ Ədliyyə Departamentinin açıqladığı rəsmi materiallara istinadən məlumat yayıb.
Məlumata görə, 2017-ci ilin fevral və mart aylarına aid elektron yazışmalar Birləşmiş Ərəb Əmirliklərində yaşayan iş adamı Əzizə əl-Əhmədinin Kəbə örtüyünə aid üç müxtəlif parçanın Epşteynin ABŞ-ın Florida ştatındakı şəxsi malikanəsinə çatdırılmasını təşkil etdiyini göstərir. Sənədlərdə qeyd olunur ki, Epşteynə göndərilən əşyalar arasında Kəbənin daxili örtüyünə aid parça, istifadə olunmuş xarici kisvə hissəsi və eyni materialdan hazırlanmış xüsusi nümunə yer alıb. Əl-Əhmədi Epşteynə ünvanladığı məktubda bu parçanı milyonlarla müsəlmanın dua və niyyətlərini daşıyan müqəddəs bir əmanət kimi təqdim edib.
Xatırladaq ki, “kisvə” Kəbəni örtən xüsusi qara parçadır və ipək üzərində qızıl və gümüş saplarla “Qurani-Kərim”dən ayələr işlənir. Hər il Həcc mövsümündə kisvə yenisi ilə əvəz olunur. Ənənəyə əsasən, köhnə örtük hissələrə bölünərək kral ailələrinə, dövlət başçılarına, nüfuzlu dini şəxslərə və muzeylərə hədiyyə edilir. Bu parçalar kommersiya predmeti hesab edilmir və onların şəxsi prestij, nüfuz və ya nümayiş məqsədilə istifadəsi İslam dünyasında həssas mövzu sayılır.
Məhz bu səbəbdən kisvə parçalarının adı cinsi istismar, azyaşlıların alveri və qlobal şantaj şəbəkəsi ilə bağlı ittihamlarla gündəmə gəlmiş Ceffri Epşteynlə birgə hallandırılması ciddi narazılıq və müzakirələrə yol açıb. Qeyd edək ki, Epşteyn 2019-cu ildə həbsdə olarkən rəsmi versiyaya görə intihar edib, lakin onun ölümü və fəaliyyəti ilə bağlı araşdırmalar dayandırılmayıb. Son illər açıqlanan sənədlər Epşteynin siyasi, maliyyə və ictimai elitalarla geniş əlaqələrə malik olduğunu göstərir və bu iş ABŞ-da və beynəlxalq mediada hələ də əsas gündəm mövzularından biri olaraq qalır.
Analitiklər hesab edirlər ki, Kəbə örtüyü ilə bağlı ortaya çıxan bu detal Epşteyn işi çərçivəsində üzə çıxan faktların miqyasını daha da genişləndirir və bu qalmaqalın təkcə hüquqi deyil, eyni zamanda mənəvi və dəyər müstəvisində də ciddi suallar doğurduğunu göstərir.


