Xəbər verdiyimiz kimi, "TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Velizarofficial" adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.
Müvafiq qərarla S.Məmmədov inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bir müddət öncə TikTok platformasında “Velizar” ləqəbi ilə tanınan tiktokerin canlı yayımı sosial şəbəkə istifadəçiləri arasında geniş rezonans doğurub.
Belə ki, Velizar canlı yayım zamanı xəstə bir uşağı efirə qoşaraq cəmi 5 dəqiqə ərzində 10 min manat məbləğində ianə toplayıb.
Qısa müddət ərzində bu qədər yüksək məbləğin yığılması izləyicilər arasında təəccüb və şok effekti yaradıb.
Canlı yayım zamanı izləyicilər ard-arda ianələr göndərərək xəstə uşağın müalicəsinə dəstək olublar. Toplanan məbləğ TikTok platformasında nadir hallarda rast gəlinən göstəricilərdən biri kimi qiymətləndirilir.


