“Əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərin məşğulluq göstəricilərini Dövlət Statistika Komitəsi başqa statistik hesablamalarla müəyyən edir. Əmək qabiliyyətli yaşında olan əmək qabiliyyətli şəxslərin neçə faizi məşğuldur, nə qədəri işsizdir, nə qədəri iqtisadi qeyri-fəal əhalidir və s. ayrı-ayrı təsnifatlaşdırılır. Burada isə söhbət Dövlət Məşğulluq Agentliyinin (DMA) məzunlarla bağlı yaratdığı datadan gedir. Bu datada yalnız məşğul olanlar göstərilib”.
Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib.

S.Məmmədovun sözlərinə görə, bu o demək deyil ki, statistikaya salınmayanlar məşğul deyil, ya iqtisadi qeyri-fəal deyil, yaxud hər hansı formada özünüməşğulluğa cəlb olunub:
“Eyni zamanda bu şəxslərin içərisində qeyri-formal əmək bazarında çalışanlar ola bilər - əmək müqaviləsi yoxdur, yaxud özünüməşğuldur, amma vergi orqanlarında uçota durmayıb və s. Bu datada toplanmış təhsil almış şəxslərin məşğulluğuna dair məlumat ümumi məşğulluq göstəricilərini əhatə etmir.
Əlbəttə, bu datanın toplanmasında da problemlər var. Agentlik sistem əsasında ya süni intellekt, ya da xüsusi proqramlar vasitəsilə təhlil aparır və təhsil alıb məşğul olan şəxsləri müəyyən edir. Kimsə məşğul deyilsə, data yoxdursa, onlar bunu müəyyən edə bilməzlər. Bu baxımdan onları qınamaq mümkün deyil.
Fariz müəllimin o fikri ilə razıyam ki, məşğul olmaq istəməyənlər, xaricə köç etmiş şəxslər, özünüməşğul olanlar, sosial məzuniyyətdə, yaxud müəyyən səbəbdən müvəqqəti işsiz olanlar ola bilər. DMA yalnız məşğul olanlar və sistemdə bu barədə məlumat olanlar barədə datanı təqdim edib. Gələcəkdə data toplandıqda statistika daha da təkmilləşdirilə bilər”.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə Modern.az-a açıqlamasında Dövlət Məşğulluq Agentliyinin universitet məzunlarının məşğulluq vəziyyəti ilə bağlı apardığı statistik təhlil və hazırladığı hesabat barədə öz fikirlərini bölüşüb.
Deputat qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən universitet məzunlarının işlə təmin olunması haqqında belə hesabatlar verməsi və onlayn portal vasitəsilə məsuliyyətli statistikanın çap olunması öz-özlüyündə sevindirici hal olsa da, lakin burada bəzi dəqiqləşdirmələrə ehtiyac var:
“Statistik hesabatda yalnız dövlət qeydiyyatında əmək müqavilələri ilə əməkdaşların statistikası verilir. Məzunlar arasında hərbi xidmətdə olan, təhsilini davam edən, xaricə köçən, özünüməşğulluqla və xüsusi orqanlarda işləyən insanlar və yaxud analıq məzuniyyətində olan, könüllü olaraq iş axtarmayan məzunlar nəzərdə tutulmur. Beləliklə, portalda əks olunan işsizlərin sayı heç də işsizlik demək deyil. Yəni buraya qeyd olunan kateqoriyalar da daxildir”.
Sədr müavini onu da əlavə edib ki, universitetlərin müstəqil şəkildə apardığı sorğular onların məzunları arasında daha yüksək işlə təmin olunmanı göstərir və burada kiçik, habelə qısamüddətli layihələrdə, startaplarda işləyən muzdlu işçilər də öz əksini tapır.
Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”nə əsasən, 2018-2022-ci illər ərzində 34 universitetdə 606 ixtisas üzrə təhsil alan 120 min 164 məzunun 56 min 405-i ilk 2 ildə heç bir iş tapa bilməyib. Bundan əlavə, reytinqdə 5 ildə məzun olanların 46,9 faizi işsiz olduğu da qeyd edilib.


