
Suriyanın devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsəd 88 yaşında vəfat edib.
Bu barədə “Reuters” agentliyinin məlumatında bildirilib.
Rifat Əsəd Birləşmiş Ərəb Əmirliklərində vəfat edib.
O, sürgünün çox hissəsini Fransada keçirib. 2021-ci ildə Suriyaya qayıdıb, qardaşı oğlu Bəşər Əsədin devrilməsindən sonra 2024-cü ildə yenidən ölkədən qaçıb.
Hafiz Əsəd 2000-ci ildə vəfat etdikdə, Rifat Əsəd hakimiyyətin Bəşərə ötürülməsinə qarşı çıxmış və özünü qanuni varis elan etmişdi.
2011-ci ildə müxalifət Suriyanı bürüdükdə, o, xaricdən çıxış edərək qardaşı oğlunu vətəndaş müharibəsinin qarşısını almaq üçün mümkün qədər tez istefa verməyə çağırmışdı.
Sonralar Bəşər Əsəd əmisinin vətənə qayıtmasına icazə verdi və bu da onun Suriya dövlətindən mənimsənilən vəsaitlərdən istifadə edərək milyonlarla avro dəyərində əmlak əldə etməkdə günahlandırıldığı Fransada həbsdən yayınmasına kömək etdi. Bəşər Əsəd devrildikdən sonra Rifat Əsəd Livan vasitəsilə ölkədən qaçdı.
Rifat Əsəd 1970-ci il çevrilişindən sonra Əsəd hökumətində nüfuzlu bir şəxsə çevrilmişdi. O, 1982-ci ildə Hama şəhərində Müsəlman Qardaşlıq üsyanını yatıran elit qüvvələrə komandanlıq etmişdi. Bu üsyan 30 illik hakimiyyəti dövründə Hafiz Əsəd üçün ən ciddi təhdidlərdən birinə olmuşdu
2024-cü ilin mart ayında İsveçrə Baş Prokurorluğu Rifat Əsədi Hama şəhərindəki hərəkətlərinə görə müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə mühakimə edəcəyini açıqlamışdı.


