
Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.


