Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputat: “Qarabağın azad olunması Rusiya ilə anlaşmadan asılıdırsa, niyə imtina etməliyik?!”

“Demişəm ki, Qarabağın azad olunması Rusiya ilə anlaşmadan asılıdırsa, bu anlaşmadan niyə imtina etməliyik. Düşünən hər kəsə aydındır ki, burada söhbət müstəqil bir dövlət olaraq, bərabərhüquqlu bir subyekt olaraq anlaşmadan gedir. Fikirlərimin həmişəki kimi qaragüruhda əsəb yaradacağını bilirəm. Bir gerçəyi də bilirəm ki, Azərbaycan ordusu, Ali Baş Komandanı Qarabağda erməniyə qalib gəlib. Türkiyənin dəstəyi ilə, Rusiyanın neytrallığı ilə illərdir həllində aciz olduğumuz məsələni əhəmiyyətli dərəcədə həll etmişik. İndi Rusiya ilə də, İranla da, Avropa Birliyi ilə də balansı elə qurmalıyıq ki, bu qələbənin nəticələrini boşa çıxarmayaq”.

RegionTV.info "Demokrat.az"-a istinadən
xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, ortada Türkiyənin də qətiyyətli və dəstəkverici mövqeyi böyük avantaj sayılmalıdır: “Ancaq ictimai fikirdə qaragüruha qalib gələ bilməsək, itirəcəyik, ola bilsin ki, savaşda qazandığımız mövqeləri addım-addım itirəcəyik. Siz sosial şəbəkədə şərhlərə baxın, qanan-qanmayan vətənpərvərlik cildi altında Azərbaycanı böyük dövlətlərlə qeyri-bərabər qarşıdurmaya sürükləyir. Bircə fikrimiz belə Azərbaycanın dövlət maraqlarına, milli maraqlarına qarşı deyil və ola da bilməz. Ancaq yaşadığımız tarixin acı səhifələri bu axmaqları ağıllandırmayıbsa, onların güdazına bu Vətəni, bu dövləti verməyə qətiyyən haqqımız yoxdur. Ötən əsrin 90-cı illərində MDB ilə bağlı ən sərt mövqedə dururduq, ora daxil olmağa xəyanət kimi baxırdıq. O zaman Xalq Cəbhəsi hələ hakimiyyətə gəlməmişdi, Azərbaycan nümayəndə heyəti MDB-nin bir toplantısına qatılmaqla Xəzər dənizində donamanın bölgüsündə bizə düşən payı, yəni gəmiləri, texnikanı götürə bildi və ən azı normal dəniz donaması qurmağa bacardıq. Gürcüstan isə tamamailə MDB toplantısına qatılmaqdan imtina etdi və Qara Dənizdə bir gəmi belə əldə edə bilmədi. Şevardnadze iqtidarı zamanı Abxaziya ilə savaşda gürcü hərbi birləşmələri dənizdən heç bir həmlə edə bilməyərək acınacaqlı məğlubiyyətə uğradılar. Ciddi tarixi məqamlarda millətin və dövlətin maraqları üçün faydalı nədirsə, o qərarları da çəkinmədən almaq lazımdır. Necə ki, bu Qarabağ savaşında məhz bu çevikliyə görə uğur qazanmamız mümkün oldu.  Anlaqlı, duyarlı, problemə və prosesə realist mühakimə ilə yanaşan vətəndaşlarımız da yetərincədir, sadəcə çəkinmək lazım deyil, bu millətin ermənidən də dəhşətli, ondan da təhlükəli düşməni var, o da cahillərdir, qaragüruhçulardır. Bunların da içində ən təhlükəli növü siyasiləşmiş cahillər, qaragüruhçular təşkil edir. Bu cəhalətin daşıyıcılarına qalib gəlmək şansı vermək, yenidən dirilmək istəyən bir millətin ideallarını puç etmək deməkdir. Qaragüruhçuların heç vaxt sağlam arqumenti olmur, ancaq dirənişli dabanları olur. Əllərlə qaşınan başdan doğru fikri üzə çıxara bilərsən, daşla sürtünən dabandan hansısa fikir çıxmaz. Doğurdanmı hiss etmirsiniz hər gün bir problemi qabardaraq necə məqsədyönlü şəkildə Qarabağdakı təxirəsalmadan əsas görəcəyimiz işlərdən diqqətimizi necə yayındırırlar? Doğrudanmı görmürük ki, bizə yenidən "Topxanada iş gedir, Bakıda nümayiş gedir" havasını oxutmaq istəyirlər? Mən öz Vətənini canıyla və ağlı ilə sevən bir vətəndaş olaraq 32 ilə öncəki sadəlövhlük günahına batmaq istəmirəm, həm də bütün gücümlə, iradəmlə qaragüruhun Qarabağ üzərindən top-top oynamasına imkan tanımağı düşünmürəm”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də