Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

150 illik tarixi kilsə yanaraq məhv oldu

Niderlandın paytaxtı Amsterdamda ağır yanğın nəticəsində 150 illik tarixi kilsə tamamilə məhv olub.

Hadisə gecə saatlarında şəhər mərkəzində yerləşən Vondelkerk kilsəsində baş verib.

Məlumata görə, yanğın təxminən gecə saat 01:00 radələrində başlayıb və qısa müddət ərzində bütün binanı bürüyüb. Alovun sürətlə yayılması səbəbindən yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, tarixi tikilini xilas etmək mümkün olmayıb.

Fövqəladə xidmətlər təhlükəsizlik məqsədilə ətraf küçələri tamamilə bağlayıb, sakinlər ərazidən uzaqlaşdırılıb. Yanğın zamanı xəsarət alanlar barədə məlumat verilməyib.

Yerli KİV-lərin yazdığına görə, memarlıq abidəsi hesab olunan kilsə bərpa edilə bilməyəcək vəziyyətdədir. Tarixi obyektin tam sıradan çıxması şəhərin mədəni irsi üçün ciddi itki kimi qiymətləndirilir.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanları hadisənin təsadüfi, texniki nasazlıq və ya digər amillərlə bağlı olub-olmadığını müəyyənləşdirir.

Qeyd edək ki, Vondelkerk Amsterdamın ən tanınmış tarixi dini tikililərindən biri hesab olunurdu və həm yerli sakinlər, həm də turistlər üçün mühüm mədəni məkan idi. Yanğın şəhər ictimaiyyətində böyük rezonans doğurub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də