31 dekabr Azərbaycanda həm Yeni ilin gəlişi, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Lakin təqvimdə ilin son gecəsi kimi qəbul edilən bu tarix xalqımızın qədim Yeni il ənənələrinin davamı deyil, daha çox son iki əsrdə baş verən siyasi və ideoloji proseslərin nəticəsidir.
Avropa təqviminin tətbiqi, çar Rusiyası və sovet hakimiyyəti dövründə formalaşan mədəni model 31 dekabrı tədricən geniş kütlələr üçün bayram gününə çevirib. Müstəqillikdən sonra isə bu tarix artıq sovet mirası olmaqdan çıxaraq cəmiyyətin qəbul etdiyi sosial-mədəni ənənə kimi möhkəmlənib və Azərbaycan üçün ikiqat məna daşıyan xüsusi bir günə çevrilib.
Yeni il ənənələrinin formalaşmasında televiziya da mühüm rol oynayıb.
Hələ 1980-ci illərdə Azərbaycan Televiziyasında Yeni ilə həsr olunmuş xüsusi proqramlar hazırlanır, bayram gecələri efir vasitəsilə tamaşaçılara təqdim edilirdi. Belə proqramlardan biri də 1985-ci ildə yayımlanıb. Həmin Yeni il verilişinin aparıcıları tanınmış simalar Nailə İslamzadə və Rafael Dadaşov olub. Dövrün ruhunu, bayram ovqatını və efir mədəniyyətini əks etdirən bu proqram bu gün də tamaşaçılar tərəfindən nostalji ilə xatırlanır.


