
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin sədri Alen Simonyanla birgə Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinə baş çəkib.
Bu barədə Baş nazir Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatında bildirilib.
Paşinyan və Simonyan vətəndaşlarla görüşüblər. Onlar həmçinin müdafiə-mühəndislik strukturlarını gəziblər. Daha sonra Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında delimitasiya olunmuş dövlət sərhədinin bir hissəsini ziyarət edib, orada görülən işlərlə tanış olublar.
Nikol Paşinyan qeyd edib ki, səfərin məqsədi Ermənistanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hökumətin vizyonunu təqdim etməkdir. Baş nazir vurğulayıb ki, sərhədin bu hissəsində hərbçilər Azərbaycan tərəfindəki kimi dəbilqə və ya zirehsiz öz vəzifələrini yerinə yetirirlər.
Paşinyan deyib ki, delimitasiyadan əvvəl Kirantsda 90 ev var idi.
“Bu gün hökumətin 16 milyon dollarlıq proqramının bir hissəsi olaraq burada daha 60 ev tikilir", - deyə Nikol Paşinyan vurğulayıb. O, əlavə edib ki, bu, insanların oradakı mühitin təhlükəsiz olduğunu, sülhün gerçəkliyini görüb hiss etməsi deməkdir.
Paşinyan bildirib ki, bu reallıq “Əsl Ermənistan” deməkdir. "Əsl Ermənistan" dedikdə nəyi nəzərdə tutduğunu açıqlayan Baş nazir onun əsas komponentinin legitimlik olduğunu vurğulayıb.
Nikol Paşinyan Kirants kəndində yeni tikilmiş ibtidai məktəbi və kilsəni də ziyarət edib.


