İrəvandakı çex səfirin hərəkətinə görə Bakıdakı səfirə nota təqdim edilə bilər
Azərbaycan Qarabağda dövlət suverenliyini bərpa etdikdən sonra ölkəmizə qarşı fəal antitəbliğat aparan ölkələrdən biri də Çexiya olub. Bu ölkənin ikipalatalı parlamenti zaman-zaman qəbul etdikləri qərəzli qətnamələrdə erməni separatçılarına dəstək çıxıb, Azərbaycanın Qarabağ bölgəsinin adını (Dağlıq Qarabağ) təhrif etməkdən çəkinməyib. Qətnamələrdə ən çox uydurulan yalan guya erməni mədəni və tarixi abidələrinə zərər yetirilməsi ilə bağlı olub. Ermənistanın həm 30 il ərzində işğal altında qalmış torpaqlarımızda, həm də indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidəni yerlə-yeksan etməsi məsələsinə isə göz yumub. Rəsmi Bakının, Milli Məclisin etiraz bəyanatlarının isə rəsmi Praqanın mövqeyinə xüsusi təsir etmədiyi qənaəti yaranır.
Day.az saytı “Baku Burila” Telegram kanalına istinadən xəbər verir ki, Çexiyanın Ermənistandakı səfiri yenə də diplomata yaraşmayan açıqlama verib.
Telegram kanalı Çexiyanın Ermənistandakı səfiri Petr Pirunçik QHT nümayəndəsini qucaqlayır və yenə də Azərbaycanda olmayan inzibati ərazi adı çəkir və “Dağlıq Qarabağdan olan həssas ailələrə yardım vəd edir”. “Çexiya səfirləri regiondakı vəziyyətdən xəbərsizdirlər? Çexiyanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı və ona etiraz notası verilməlidir. Praqa isə Pirunçikə xatırlatmalıdır ki, bu, diplomatiya deyil”, - deyə "Baku Burila" Telegram kanalı bildirib.
İkipalatalı Çexiya parlamenti (Deputatlar Palatası və Senat ) Azərbaycanın əleyhinə bir sıra qərarlar qəbul edib, xüsusən 2023-cü ilin oktyabrında Qarabağda antiterror əməliyyatlarından sonra rəsmi Bakını suçlayan mövqe tutmuşdular. Sonra bəlli oldu ki, erməni terrorçularından ələ keçirilən silah və sursatlar arasında Çexiya istehsalı olan mərmilər də aşkarlanmışdı. Bakıdakı səfir isə bu barədə sorğuya izahat verə bilməmişdi.
Bakı-Praqa arasında son aylar nəzərə çarpan diplomatik müzakirələr fonunda səfirin bu özbaşınalığı, Ermənistandakı revanşist qüvvələrə bu cür açıq dəstəyi suallar doğurur. Xatırladaq ki, bu ilin iyulunda Praqa şəhərində Azərbaycan və Çexiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Çexiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yan Maryan rəhbərlik edib.
Məsləhətləşmələr zamanı postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib. Belə iddialar da var ki, Çexiya bu cür addımları Avropa Birliyinin təhriki ilə atır. Azərbaycan səfiri XİN-ə çağırmalıdırmı?

Xəyal Bəşirov
Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Avropadakı dövlətlərin bəziləri Cənubi Qafqazda yaranmış yeni reallıqları hələ qəbul edə bilmirlər: “Bu gün Cənubi Qafqazla bağlı olan real siyasi leksikonlardan ya istifadə edə bilmirlər, ya da da istifadə etmək istəmirlər. Məlumatsızdırlar demək istəməzdim. Çünki bütün dünyanın qarşısında baş verən proseslər yaşanıb. Bu proseslərdən məlumatsız olmaq mümkün deyil. Nə qədər ki, belə dövlətlər var və bu cür dövlətlərin səfirləri reallıqlara uyğun olmayan addımlar atırlar, təxribat xarakterli hərəkətlərdən yorulmurlar, biz də lazımi diplomatik reaksiyamızı verməliyik. Konkret bu məsələdə ən azından Çexiya dövlətinin və ümumilikdə Çexiyadan olan siyasilərin, diplomatların diqqətinə çatdırmaq üçün ən azından onların səfirinə nota təqdim edilə bilər. Çexiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qarşılıqlı olaraq Azərbaycan da Çexiyanın ərazi bütövlüyünü tanıyır. Çexiya dövlətinin səfirinin Azərbaycan ərazisində mövcud olmayan inzibati ərazi adını işlətməsi ilk növbədə Çexiya dövlətinin özünün qərarına hörmətsizlikdir, sonra isə Azərbaycan qanunlarına qarşı hərəkətdir. Bu baxımdan, narazılığımız, etirazımız Çexiyanın Azərbaycandakı səfirinin vasitəsilə Çexiya dövlətinin diqqətinə çatdırılmalıdır ki, Ermənistandakı səfirlərini təlimatlandırsınlar. Sülhə mane olan ifadələr işlətmək təxribatdır. Səfirin bu hərəkətə yol verməsinə son qoyulmalıdır”.


