İnquşetiyada məhkəmə praktikasında ilk dəfə olaraq bir kişi böhtan ittihamı ilə təqsirli bilinib.
Məhkəmə toyundan az sonra gənc həyat yoldaşını evdən qovan şəxsin onun “bakirə deyil” olması ilə bağlı iddiasının əsassız olduğunu müəyyən edib.
Məlumata görə, 22 yaşlı ali təhsilli qız ailələrin razılaşması əsasında 52 yaşlı “varlı sahibkar”la evləndirilib. Gənc qadın gələcək həyat yoldaşını nikahdan əvvəl cəmi bir neçə dəfə görüb, evlilik isə bölgədə geniş yayılmış ənənələrə uyğun şəkildə qohumlar arasında razılaşdırılıb.
Toydan sonra kişi həyat yoldaşını evdən qovaraq onun guya bakirə olmadığını iddia edib. Region üçün son dərəcə həssas sayılan bu cür ittihamlar adətən qadının cəmiyyətdə təcrid olunması və ağır sosial nəticələrlə müşayiət olunur. Lakin bu dəfə hadisələr fərqli inkişaf edib.
Qadın məhkəməyə ərinin iştirakı ilə aparılmış tibbi müayinələrə dair rəsmi sənədlər təqdim edib. Həmin sənədlər onun bakirə olduğunu təsdiqlədiyindən, məhkəmə kişinin iddialarını böhtan kimi qiymətləndirib və onu cərimələyib.
Bu qərar İnquşetiyada oxşar işlər üzrə ilk hüquqi presedent kimi qiymətləndirilir.


