“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bü gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı üç il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə bu qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində pul ödənilir.
Qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Layihədə 9 qanuna 20-yə yaxın dəyişiklik təklif edilir.
Layihə komitədə səsə qoyularaq, Milli Məclisin sabah keçiriləcək plenar iclasına tövsiyə edilib.