Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nizami rayonunda vəziyyət kritikləşir: yol çökə bilər, su kəsintiləri davam edir - VİDEO

Nizami rayonunda, xüsusən Məmmədəli Şərifli və Yavər Əliyev küçələrinin kəsişməsində 3 həftədən çoxdur davam edən qazıntı və su problemi sakinləri artıq dözülməz həddə çatdırıb.

Ərazidə yığılan tullantı suları, yolun çökəcəyi ehtimalı və davamlı su kəsintiləri narazılıqları daha da artırıb.

Üç həftə əvvəl həmin ərazidə aparılan qazıntı işləri və suyun yığılması ilə bağlı yazı (https://musavat.com/news/nizami-rayonunda-su-problemi-sakinlerin-naraziligina-qurumdan-cavab_1217373.html) dərc edilmişdi. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq, vəziyyət nəinki düzəlib, əksinə, daha da ağırlaşıb.

Sakinlərin sözlərinə görə, Məmmədəli Şərifli - Yavər Əliyev küçələrinin kəsişməsində işlər çox ləng aparılır. Nəticədə qazılan əraziyə yağış yağdıqca yenidən su dolur. Hər dəfə su çəkilsə də, sonra yenidən həmin sahə gölməçəyə çevrilir.

Sakinlər bildirirlər ki, üç həftədir qazıntı dayanıb, yol bərpa olunmayıb. Yolun çökəcəyi ehtimalı insanlarda ciddi narahatlıq doğurur. Binada mütəmadi olaraq su kəsintiləri baş verir. 

Problemlər təkcə həmin kəsişmə ilə məhdudlaşmır. Sakinlərin sözlərinə görə, Məmmədəli Şərifli küçəsindən Bakıxanov istiqamətinə gedən yolda da ciddi su yığılması müşahidə olunur.

Kanalizasiya xəttində yaranan nasazlıq səbəbindən yağışdan sonra yol yarım metrə qədər su altında qalır. Avtobuslar belə suya batmamaq üçün istiqamətlərini dəyişməyə məcbur olur. Bu isə həm gecikmələrə, həm də nəqliyyat sıxlığına gətirib çıxarır.

Sürücülər və sakinlər deyirlər ki, bu vəziyyət artıq uzun müddətdir davam edir və heç bir qurum problemə yekun həll təqdim etmir. Hər iki yol seqmentində yaşayan əhali aidiyyəti qurumlardan rəsmi açıqlama və problemin nə vaxt aradan qaldırılacağına dair dəqiq tarix gözləyirlər.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərmişik. Cavab olduğu təqdirdə yayımlanacaq.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də