Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2026 iqtisadiyyatı: Azərbaycanı nə gözləyir? -Risklər və ehtiyatlı proqnozlar

Son aylarda həm dünyada, həm də Azərbaycanda 2026-cı il ilə bağlı müxtəlif iqtisadi proqnozlar səsləndirilir. Həm BVF, həm Dünya Bankı, həm də digər beynəlxalq qurumlar gələn ilin qlobal iqtisadiyyat üçün həm risklər, həm də müəyyən imkanlar vəd etdiyini bildirirlər. Enerji bazarlarındakı qeyri-müəyyənliklər, geosiyasi proseslər və ticarət münasibətlərindəki dəyişikliklərin ölkələrin inkişaf tempinə təsir etməsi ehtimalı yüksək qiymətləndirilir.

Belə bir beynəlxalq fonda Azərbaycan iqtisadiyyatının da 2026-cı ildə müxtəlif ssenarilər üzrə formalaşa biləcəyi qeyd olunur. Neft qiymətlərində mümkün dalğalanmalar, valyuta bazarındakı təzyiqlər, eləcə də qeyri-neft sektorunun inkişaf tempi gələn ilin əsas müəyyənedici amilləri kimi göstərilir. Bütün bu risklərə baxmayaraq, bəzi proqnozlar sabitlik və mülayim artım ehtimalını da istisna etmir.

Mövzu ilə bağlı iqtisadçı-alim Vüsalə Əhmədova 2026-cı ilin həm dünya, həm də Azərbaycan iqtisadiyyatı üçün gözləntilərini Musavat.com-a şərh edib.

049b1a22-6e95-4f95-a54f-590f8f460b91.jpeg (51 KB)

O, deyib ki, 2026-ci il üçün ümumi konsensus mülayim artım istiqamətindədir, lakin proqnozlar fərqli beynəlxalq təşkilatlara görə dəyişir:"Ümumi qlobal artımın 2026-cı ildə təqribən 2,9-3,1% aralığında olacağı proqnozlaşdırılır. BVF-na görə, inkişaf etmiş iqtisadiyyatların təxminən 1,5%, inkişaf etməkdə olan iqtisadiyyatların isə 4%-dən bir qədər çox artacağı yönündədir. OECD isə, qlobal ÜDM-un 2026-cı ildə təxminən 2,9%-ə enə biləcəyini hesab edir. Belə ki, ABŞ-da artımın 2026-cı ildə kəskin şəkildə 1,5%-ə düşəcəyi, Çində isə artımın nəzərəçarpacaq dərəcədə 4,4%-ə qədər yavaşlayacağı təxmin edilir. World Bank-ın hesabatı, 2026-cı il üçün regionlara görə müxtəlif amma, ümumi risklərin yüksək olduğu istiqamətindədir. 2026-cı ildə dünya neft təchizatının artırılacağı və illik olaraq təchizat artımının davam edəcəyi bildirilir".

İqtisadçı qeyd edir ki, neft təchizatının artması fonunda, “Brent” markalı neftin qiymətinin illik olaraq mülayim səviyyədə, 60–70 $/barel aralığında qalması ehtimalı yüksəkdir:" Belə olan halda, ümumi kontekstdə inkişaf etməkdə olan ölkələr üçün valyuta riskləri 2026-cı ildə də mövcudluğunu qoruyur. Lakin BVF 2026-cı ildə, Azərbaycanda inflyasiyanın azalma istiqamətində olacağını bildirir, ümumi perspektivdə manatın dramatik devalvasiyasını proqnozlaşdırmır. Mövcud proqnozlar 2026-cı il üçün kəskin devalvasiyanın gözlənmədiyini deməyə əsas verir, ancaq yenə də bildirim ki, neft qiymətlərində kəskin çöküş, regional geosiyasi şoklar və daxili fiskal təzyiqlər əsas olası risk amilləri kimi qalmaqdadır. Hər bir risk bütün proqnozları bir anda alt-üst edə bilər. Çin və AB ölkələrində tələbatın qəfil zəifləməsi, yeni tariflər, neftə tələbatın kəskin düşməsi və buna bağlı olaraq da neft qiymətində daha kəskin eniş devalvasiya təzyiqlərini artıracaq. Ümumilikdə 2026-cı il üçün orta proqnoz aralığı real artımın 2,5–3,3%, inflyasiyanın 3,5–4,5% olacağı yönündədir. Əgər neft bazarında şok olmaz, neft qiymətləri stabillik göstərərsə, üzümüzə gələn il Azərbaycan üçün sabitlik və mülayim artım ili kimi yadda qala bilər. Lakin neft asılılığı, xarici tələbat və valyuta riskləri ciddi olaraq qalarsa, diversifikasiya və qeyri-neft sektoruna fokus artırılmazsa “aşağı ssenari” bizi gözləyə bilər. Bunun üçün də, neft gəlirlərinin hamısını cari xərclərə yönəltməmək, bir hissəni ehtiyat fonduna və ya investisiyaya ayırmaq, qeyri-neft ixracatını və investisiyanı stimullaşdırmaq, inflyasiya və valyuta siyasətini möhkəmlətmək mütləqdir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də