
“Baksol” yolu ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işinin istintaqı başa çatıb.
Hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib.
Amma sahə rəisi həbs edilməyib. Məhkəməyə qədər onun barəsində “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib.
Hazırda prokurorluqda toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşi hakim Gültəkin Əsədova araşdıracaq.
Qeyd edək ki, Cümşüdün meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi. (Mənbə: qafqazinfo)


