
Rusiyada boşanmalara qarşı yeni və mübahisəli təklif gündəmə gəlib.
“Vahid Rusiya” partiyasından Bryansk vilayət Dumasının deputatı Mixail İvanov ölkədə nikahın pozulmasına görə 40 min rubl məbləğində cərimə tətbiq olunmasını istəyib.
Bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Deputat bildirib ki, boşanmalara görə cərimə “büdcə imkanlarının məhdud olduğu şəraitdə balanslaşdırıcı faktor” ola bilər.
İvanov eyni zamanda nikaha daxil olan vətəndaşlara 20 min rubl həcmində birdəfəlik ödəmə verilməsini təklif edib. O, bunun ailələrin təşviqi baxımından vacib olduğunu deyib.
Deputat həmçinin “analıq və uşaqlığın diskreditasiyası”nın qanunvericilikdə qadağan edilməsini müdafiə edib.
Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) məlumatına görə, ölkə ötən il boşanmaların sayına görə dünyada üçüncü yeri tutub. Hər 10 nikaha qarşı təxminən 8 boşanma qeydə alınıb.
Xatırladaq ki, Rusiyada 2025-ci ildən boşanma rüsumu 650 rubldan 5000 rubla qaldırılıb.


