
Əsas Qanunumuzun - Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Hər bir dövlətin Konstitusiyası eyni zamanda ölkənin hansı siyasi və iqtisadi inkişaf yolunu seçdiyini müəyyənləşdirir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası da ölkəmizdə dövlət idarəçiliyinin formasını, vətəndaşların və dövlətin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, həm də iqtisadi sistemin əsaslarını, dövlətin iqtisadi strategiyasının əsas prinsplərini də özündə əks etdirmişdir.
Ümummilli lider Heydər Əliyev yeni Konstitusiyanın müəllifi kimi bir tərəfdən ölkədə dövlət idarəçiliyinin əsaslarını, digər tərəfdən də Azərbaycanın iqtisadi inkişaf modelinin əsas prinrsiplərini təsbit etmişdir. Bu həm də iqtisadi ideologiyanın müəyyən edilməsi deməkdir. Mahiyyəti etibarı ilə iqtisadi ideologiya dövlətin iqtisadi strategiyasını, iqtisadi islahatların konseptual əsaslarını, seçilmiş iqtisadi modelin əsas prinsiplərini, ölkənin milli iqtisadi mənafeyi və maraqları ilə bağlı məsələləri özündə birləşdirir.
İqtisadi ideologiyamız artıq Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Belə bir ideologiyanın əsasını hər şeydən əvvəl mülkiyyət münasibətləri təşkil edir. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən müdafiə edilməsi artıq konstitusion müddəaya çevrilmişdir. İqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanır.
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Əsas Qanunda həm də qeyd edilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
“İqtisadiyyatın inkişafı xalqın rifahının yüksəldilməsinə xidmət edir” müddəası isə iqtisadi siyasətin sosial yönümlü olmasını təsbit edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkəmizdə prezidentli respublika üsuli-idarəsinin seçilməsi iqtisadi sistemin transformasiyasının və radikal iqtisadi islahatların həyata keçirilməsinin sürətləndirilməsi baxımından özünü doğrultmuşdur.
Əsas Qanunumuz iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsi ilə bağlı olan bütün idarəetmə həlqələrinin iqtisadi idarəçilik sahəsində hüquq və səlahiyyətlərini, onların əsas vəzifələrini dəqiq müəyyən etmişdir. Qeyd edilən müddəalar iqtisadi islahatların dönməzliyinə konstitusion təminat verməklə yanaşı, bazar münasibətlərinin ölkənin iqtisadi həyatına daha dərindən nüfuz etməsi üçün hüquqi-ideoloji zəmin yaratmış, dövlət suverenliyinin iqtisadi əsaslarının möhkəmlənməsinə xidmət etmişdir.
Azər Əmiraslanov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri


