
Moskvada Rusiyanın ilk insanabənzər süni intellekt robotu “Aydol” ictimaiyyətə təqdim edilib. Lakin təqdimat zamanı gözlənilməz hadisə baş verib, robot bir neçə addım atdıqdan sonra tarazlığını itirərək yıxılıb.
“Aydol” səhnəyə “Rocky” filmindən tanınan "Gonna Fly Now" musiqisinin sədaları altında iki nəfərin müşayiəti ilə çıxıb. Robot tamaşaçılara əl yelləmək istəsə də, tarazlığını saxlaya bilməyib və 1 dəqiqə sonra yerə yıxılıb. Təqdimat dərhal dayandırılıb, robot səhnədən çıxarılıb.
Jurnalist Dmitri Filonov bildirib ki, Milli Texnoloji Koalisiyanın rəhbəri Aleksey Yujakov öncədən xəbərdarlıq edib ki, layihə çox az investisiya alıb və robotun yerimə qabiliyyəti kifayət qədər inkişaf etdirilməyib. “Aydol” şirkətinin təsisçisi Vladimir Vituxin isə hadisənin səbəbini işıqlandırma ilə izah edib: “Robotun istifadə etdiyi stereokameralar işığa çox həssasdır, zalda isə kifayət qədər işıq yox idi”.
İkinci cəhd zamanı robot səhnəyə yenidən çıxarılıb və bu dəfə köməkçilərin dəstəyi ilə ayaqda qala bilib.
Təqdimatda bildirilib ki, “Aydol” insanın üç əsas funksiyasını yerinə yetirə bilir: yerimək, əşyaları idarə etmək və insanlarla ünsiyyət qurmaq. Robotun bütün sistemləri oflayn rejimdə işləyir, avtonom fəaliyyət müddəti isə 6 saata qədərdir.
Hazırda layihədə hansı süni intellekt sisteminin istifadə olunduğu açıqlanmayıb. İstehsalçılar bildiriblər ki, “Aydol”un əsas üstünlüyü “canlı mimika və emosional ifadə” bacarığıdır. Robotun “üzü” 12 əsas emosiyanı və “yüzlərlə” mikroifadəni göstərə bilir.


