
Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Yığıt Yalın Soyal, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, QMİ Qazılar Şurasının sədri Hacı Tahir Abbasov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, partiya fəalları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin YAP Gəncə şəhər təşkilatının inzibati binasında yerləşən büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib və “Qurtuluşdan Zəfərə” adlı film nümayiş etdirilib.
Niyazi Bayramov tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, beş il əvvəl, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrilib. O vurğulayıb ki, bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun, dövlət-xalq birliyinin və 30 illik ədalətsizliyə qarşı tarixi ədalətin bərpasıdır. Niyazi Bayramovun sözlərinə görə, Zəfər Günü yalnız keçmişin şanlı səhifəsi deyil, həm də gələcəyə olan inamın, milli iradənin təntənəsidir.
Pərvin Kərimzadə çıxışında bildirib ki, hər bir xalqın tarixində unudulmaz, müqəddəs günlər olur:
“Belə əlamətdar günlər təkcə bir dövrün deyil, bütöv bir millətin tarixini, dünənini, bu gününü və sabahını dəyişdirir. Nə xoşbəxtik ki, Azərbaycan xalqının taleyində bu cür qürurverici günlər çoxdur. 2020-ci ilin 8 noyabrında qazanılan Zəfər isə xalqımızın şərəf, iftixar və qürur tarixidir.”
Bayram Aslanov qeyd edib ki, zaman sürətlə ötüb keçir və artıq tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edirik:
“Rəşadətli Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğalçı qüvvələri məğlub edərək xalqımıza Zəfər sevinci yaşatdı, regiona sülh gətirdi. Ordumuz təkcə torpaqlarımızı deyil, milli kimliyimizi və qürurumuzu da bizə qaytardı.”
Türkiyənin Gəncədəki vitse-konsulu Yığıt Yalın Soyal, Xüsusi Təyinatlıların Qazilərinin, Şəhid ailələrinin, Veteranların və Qazilərin İctimai Birliyinin sədr müavini Elçin Həsənov, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva da çıxış edərək 8 Noyabr Zəfər Gününün tarixi əhəmiyyətindən danışıblar və iştirakçıları bu möhtəşəm qələbə münasibətilə təbrik ediblər.
Tədbir Regional Kollecin tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


