
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh sazişi və kommunikasiya xətlərinin açılması ilə bağlı razılaşmaların təminat mexanizmlərindən danışıb.
Sazişlərin yerinə yetirilməsinə üçüncü tərəfin, o cümlədən böyük dövlətlərin zəmanət verməsi ideyası əsaslı deyil.
“Belə zəmanətlər işləmir, biz bunu artıq öz təcrübəmizdən də öyrəndik”, – Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında əldə olunan bütün razılaşmalar qarşılıqlı faydalıdır və tərəflərin maraqlarına cavab verir. Nazir həmçinin sülh müqaviləsinin nəticəsində guya Azərbaycanın daha çox, Ermənistanın isə heç nə əldə etmədiyi barədə fikirləri də təkzib edib:
“Əldə etdiyimiz razılaşmalar bizim üçün sərfəlidir. Azərbaycanın əldə etdikləri isə onlar üçün önəmlidir. Bu halda hər iki tərəf razılaşmalara əməl etməkdə maraqlı olacaq”, - Mirzoyan bildirib.
Ermənistan XİN başçısı əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın prosesdə iştirakı sülh sazişinə əlavə dəyər qata bilər.
O qeyd edib ki, Yerasx (Arazdəyən)–Sədərək ərazisi də açılmalıdır. "Bu, regiondakı infrastrukturun açılmasının üzvi davamı və ya başlanğıcı olmalıdır".


