
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirlən Azər Maqsudovun 3 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra məhkəmə qərar qəbul rtmək üçün müşavirə edib. Müşavirədən qayıdan hakim hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəkəcək. Həmçinin, məhkəmə qaldırılan mülki iddianı baxılmamış saxlayıb.
Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məntəqətipli cəzaçəkmə müəssisəsindən qeydiyyatdan keçənədək dəyişdirilmədən saxlanılsın.
Xatırladaq ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş. (Mənbə APA)


