
“İlk dəfə olaraq, biz Ermənistanın büdcəsini Azərbaycanla bağlanmış sülh şəraitində müzakirə edirik".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 27 oktyabrda parlamentdə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Artıq bir il səkkiz aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində əsgərlər arasında itki olmayıb. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistanın bütün müstəqillik tarixində heç vaxt belə bir il səkkiz ay olmayıb", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bərqərar olmuş sülhün yeni faktlar və hallar ortaya çıxarması vacibdir.
“Xüsusilə, mən Azərbaycanın – rəsmi Bakının Ermənistana tranzit məhdudiyyətlərini qaldırdığı barədə açıqlamasını nəzərdə tuturam. Bu, mahiyyət etibarilə tarixi bir hadisədir və Ermənistanın blokadasının qaldırılmasının ilk mərhələsini qeyd edir. Ermənistanın bu bəyanatlara cavab verməsi və müvafiq addımlar atması da vacibdir.
Hazırkı cavabımız belədir: bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə, xüsusən də Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutu ilə tranzitini təmin etməyə hazırıq. Bunu vurğulayıram, çünki bu gün tətbiq edə biləcəyimiz yeganə seçim budur”, - deyə Paşinyan bildirib.
O, vurğulayıb ki, Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini qaldırdığı kimi, Ermənistan da Azərbaycan üçün tranzit məhdudiyyətlərini qaldıracaq.


