
Şabranda əl əyləci işləməyən sürücü faciəyə səbəb olub.
Hadisə bu ilin yayında Şabranın Sincanboyad kəndində, Bakı-Quba magistralının kənarındakı avtomobil təmir sexində baş verib.
1984-cü il təvəllüdlü Şabran sakini "MercedesBenz Atego" markalı yük maşınını nasaz vəziyyətdə təmir sexinə gətirib. Sürücü yük avtomobilini orada saxlayarkən nə “duracaq əyləcini” çəkib, nə də təkərlərin altına maneə qoyub. Nəticədə maşın öz-özünə hərəkətə gəlib və sexin içində dəmir çarpayıda oturmuş 1971-ci il təvəllüdlü ustanı əzərək öldürüb.
Məhkəmədə təqsirləndirilən şəxs bildirib ki, avtomobilin əl əyləci artıq bir gün öncə sıradan çıxmışdı və bu barədə avtomobilin sahibi Müzəffər adlı şəxsə məlumat vermişdi. O, “əyləc sistemini düzəltməyə” söz versə də, təmir olunmadan maşın işə salınıb.
Ekspertiza rəyinə əsasən, sürücü “Yol hərəkəti haqqında” Qanunun 37-ci və 52-ci maddələrinin tələblərini pozub. Hadisənin qarşısını almaq üçün texniki imkan mövcud olub.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə təqsirli bilinib.
Məhkəmədə məlum olub ki, sürücü hadisədən sonra zərərçəkmişin ailəsinə maddi ziyanı tam ödəyib və barışıq əldə olunub. Bu hal, eləcə də təqsirləndirilənin peşmançılığı cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınıb.
O, 3 il azadlıqdan məhrum edilib və 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum olunub. Cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.