Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin əməkdaşları təltif olunub. Təltif olunanlar arasında Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov da yer alır.
Regiontv.info xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun tapşırığına əsasən, III MDB Oyunları və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Regional Su Meliorasiya Xidmətinin yerli təsərrüfat idarələrinin əməkdaşları üzərlərinə düşən öhdəlikləri yüksək məsuliyyət və peşəkarlıqla icra ediblər.
Təşkilati işlərin operativ və səmərəli şəkildə həyata keçirilməsində fərqlənən əməkdaşların fəaliyyəti Agentliyin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Onların əməyinə verilən dəyərin göstəricisi olaraq bir sıra əməkdaşlar mükafatlandırılıb və təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edək ki, bu təşəbbüs əməkdaşların əməyinin stimullaşdırılması, xidmət keyfiyyətinin artırılması və dövlət tapşırıqlarının icrasında məsuliyyətin gücləndirilməsi məqsədi daşıyır.