Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“2020-yə qədər planşet veriləcəkdi, amma uşaqlar hələ də 7 kiloqramlıq çantalar daşıyır”

"Uşaqların məktəb çantalarının çəkisi bu gün cəmiyyət üçün real və ciddi bir müzakirə mövzusu olmalıdır. Xüsusilə 10–15 yaş arası uşaqlarda skelet sistemi hələ formalaşma mərhələsində olduğu üçün, bu yaşda artıq çəkili çantaların daşınması onların sağlamlığına düzəlməz zərər vura bilər".

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai birliyinin sədri Mehriban Zeynalova deyib.

O, Elm və Təhsil Nazirliyinə çağırış edərək, bildirib:

"13 yaşlı bir qızın hər gün 7 kq-lıq çanta daşıması, əslində, sağlamlıq baxımından qəbuledilməzdir.

Uşaqların onurğası, çiyin və bel əzələləri hələ tam bərkimədiyindən, bu ağırlıq bədənin simmetriyasını pozur. Zamanla onurğa əyrilikləri (skolioz), duruş pozuntuları, çiyin və boyun ağrıları, hətta sinir sıxılmaları yarana bilər. Uşağın gündəlik hərəkət aktivliyi azaldıqca yorğunluq, diqqət zəifliyi, məktəbə qarşı istəksizlik kimi psixoloji nəticələr də ortaya çıxır. Beynəlxalq ortopedik standartlara görə, uşağın daşıdığı yük onun bədən çəkisinin 10–15 faizini keçməməlidir. Yəni 13 yaşlı orta çəkili bir qız üçün çanta maksimum 4,5–5 kq olmalıdır. 7 kq artıq yük hesab olunur və təhlükəlidir.

Bu vəziyyət təkcə valideynlərin yox, məktəblərin və təhsil siyasətini müəyyən edən qurumların da diqqətində olmalıdır. Kitab və dəftərlərin sayının azaldılması, elektron resursların tətbiqi, məktəbdə şəxsi dolab sistemlərinin yaradılması kimi sadə addımlar uşaqların sağlamlığını qorumağa ciddi töhfə verə bilər".

Bəs mütəxəssislər qurum sədrinin bu çağırışını necə dəyərləndirir?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elşən Qafarov Musavat.com-a danışıb:

“Hər il tədris ilinin əvvəlində məktəbli çantaları ilə bağlı problem əsas gündəm olur. Reallıq ondan ibarətdir ki, hər bir məktəblinin çantası onun çəkisinin 15 faizindən çox olmamalıdır. Bu da nəticə etibarilə, əgər çox olarsa, uşaqlarda skolioz xəstəliyi və digər fiziki qüsurların yaranmasına gətirib çıxarır.

Və ən problemli tərəf də ondan ibarətdir ki, bizdə demək olar, ibtidai siniflərdə 6-10 yaşlı uşaqlarda çantalar həddindən artıq ağır olur. Zatən 5-9-cu siniflərdən başlayaraq uşaqlar artıq dəftər və kitabları məktəbə daha az gətirməyə başlayırlar. 10-11-ci siniflərdə isə uşaqlar ümumiyyətlə, kitab və dəftərləri çox nadir hallarda gətirirlər. Problemin ən çox ibtidai siniflərdə və qismən 5-6-cı siniflərdə olduğu müşahidə olunur.

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilmişdi ki, 2020-ci ilə qədər təhsil alanlar planşetlə təmin olunacaq. Bütün dərsliklər və əlavə dərs vəsaitləri planşetə yüklənəcəkdi. Amma çox təəssüflər olsun ki, biz bunu etmədik, edə bilmədik”.

Mütəxəssis də təklif edib ki, ölkədə hər bir şagird planşet ilə təmin olunsun:

“Hazırkı vəziyyətdə dərsliklər və onlarla yanaşı olan əlavə vəsaitlər şagirdin çantasının ümumi çəkisinin 30-40 faizini, bəzən isə 50 faizini təşkil edir. Bu, artıq dözülməz haldır. Ona görə də təklif edirik ki, şagirdlər planşetlərlə təmin olunsun. Bu, həm də dövlət büdcəsinə müəyyən qənaət etmək deməkdir.

Həmçinin, dərsliklərin yarım il üçün çap olunması da mümkündür - birinci və ikinci yarımil üçün. Şagird sentyabr-oktyabr ayında hələ aprel-may aylarında keçiriləcək mövzuları çiynində daşımasın. Belə olan halda, dərsliklərin yarım il üçün çap olunması bu problemi qismən aradan qaldıra bilər.

Ümumilikdə isə, hər bir şagirdin planşetlə təmin olunması məqsədəuyğun sayılır”


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də