Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ramiz Mehdiyev 107 yaşına qədər həbsdə QALA BİLƏR

Ramiz Mehdiyev 107 yaşına qədər həbsdə QALA BİLƏR

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Hazırkı hüquqi vəziyyəti və prosesin mümkün gedişatını hüquqşünas Şamil Paşayev şərh edib.

Hüquqşünas bildirib ki, qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanunazidd davranışlarının qarşısını almaq üçün seçilir:

“Qətimkan tədbirləri bir neçə növdə olur: həbs, ev dustaqlığı, girov, polis nəzarətinə vermə və digər formalar. Bu tədbir işin hallarından asılı olaraq müəyyən edilir. Yəni şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndikdə, prosesdə iştirak edən şəxslərə qanunsuz təsir göstərdikdə, prosesin gedişinə mane olduqda və ya cəmiyyət üçün təhlükə yaratdıqda onun barəsində qətimkan tədbiri seçilir”.

Şamil Paşayevin sözlərinə görə, qətimkan tədbiri müstəntiq, tədqiqatçı, ibtidai araşdırmanı həyata keçirən prokuror və məhkəmə tərəfindən tətbiq edilə bilər:

“Ev dustaqlığı qətimkan tədbiri seçildikdə, bu, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən həyata keçirilir. Təqsirləndirilən şəxslə bağlı həbs, ev dustaqlığı və girovluq tədbiri yalnız məhkəmə tərəfindən həll olunur. Ev dustaqlığı yalnız ibtidai və ya məhkəmə istintaqı dövründə tətbiq edilir. Ev dustaqlığının şərtlərinə əməl edilmədikdə, şəxs barəsində həbs qətimkan tədbiri seçilə bilər”.

Hüquqşünas əlavə edib ki, Ramiz Mehdiyev xüsusilə ağır cinayətdə ittiham olunduğu üçün onun barəsində 4 aylıq ev dustaqlığı müəyyən edilib:

“Xüsusilə ağır cinayətlər üzrə qətimkan tədbiri 4 aydan artıq olmamaqla bir dəfə uzadıla bilər. Daha sonra işin mürəkkəbliyinə görə ikinci dəfə 5 ay müddətinə uzadılması mümkündür. Ümumilikdə, bu kateqoriyalı işlər üzrə həbs və ya ev dustaqlığı müddəti 13 ayadək uzadıla bilər. Əgər məhkəmə icraatı zamanı materialların həcmi çox olarsa, xüsusilə ağır cinayətlər üzrə qətimkan tədbiri 6 aydan artıq olmayan müddətdə bir daha uzadıla bilər. Bu isə son mərhələ sayılır”.

O qeyd edib ki, bu müddətlər bitdikdən sonra iş üzrə hökm çıxarılır və qanuni qüvvəyə mindikdə cəza təyin olunur:

“Ramiz Mehdiyev təqsirli hesab ediləcəyi təqdirdə, törətdiyi əməllərə görə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutula bilər. Lakin onun 87 yaşı olduğuna görə bu cəza tətbiq edilmir. Bununla belə, 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər”.
 
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də