Naftalan şəhərinin Qasımbəyli kəndində su təchizatı yenidən qurulub, kənd əhalisi tam olaraq içməli su ilə təmin edilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən ( ADSEA) bildirilib.
Məlumata görə, Naftalan şəhərinin Qasımbəyli kəndində əhalinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə Naftalan şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Bu məqsədlə 40-100 mm diametrli, 8.7 km su xətti çəkilib və 140 abonentə evə birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Qasımbəyli kəndinin əhalisi 438 nəfər təşkil edir ki, günlük suya olan 100 kub metr təlabatı yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam təmin etmək mümkün olacaq.
Qeyd edək ki, Naftalan şəhərinin mövcud su təchizatı Qaraçay çayında inşa edilmiş infiltrasiya tipli su mənbəyindən Goranboy şəhərinə nəql edilən magistral su kəmərinə birləşmə verilməklə təmin edilməkdədir. Şəhər daxilində 3 meydançada su anbarı kompleksi, 2 nasos stansiyası, 43.6 km su şəbəkəsi, 39.4 kmkanalizasiya şəbəkəsi, məhsuldarlığı 3000 kub metr olan tullantı sutəmizləyici qurğular kompleksi istismar edilir.