
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklifi çərçivəsində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəb olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləği 30 manatdan 100 manata çatdırılıb.
Qanuna dəyişiklik artıq bir müddətdir ki, qüvvəyə minib. Cərimənin artırılmasının bu sahədə intizamın təmin edilməsində nə qədər təsirli rol oynadığı maraqlı nüansdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycan gənclərinin bu cərimə ilə üzləşəcəyinə şahidlik edilməyəcək:
“İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bütün cərimələr məzmunundan göründüyü kimi intizamın, məsuliyyətin artırılması üçündür. Müxtəlif sahələrdə bu cərimələr müəyyən nəticələrə səbəb ola bilər. Ancaq bütün hallarda bunlar ictimai məsuliyyət baxımından vacibdir. Hərbi çağırışla bağlı məsələlərə gəldikdə isə mənə elə gəlir ki, Azərbaycan gənclərində vətənpərvərlik o qədər yüksək səviyyədədir ki, heç bir halda biz hansısa gəncin bu cür cərimələrlə üzləşəcəyinə şahidlik etməyəcəyik”.
Deputat vurğulayıb ki, ictimai münasibətlər baxımından cərimələrin tətbiqinin çox məhdud olacağına şahidlik edəcəyik:
“Əlbəttə, müəyyən istisnalar ola bilər. Amma bütün hallarda Azərbaycan gəncliyinin vətənsevərliyi, cəmiyyət və dövlət qarşısında məsuliyyət hissləri çox yüksək olduğu üçün hər hansı inzibatı cəzanın tətbiqinə ehtiyac yaranmayacaq. Bu qanunvericilik yaradıcılığının tələbi olsa da, bir o qədər də ictimai münasibətlər baxımından onun tətbiqinin çox məhdud olacağına şahidlik edəcəyik”.