
Bakıda ictimai nəqliyyatda “BakıKart”, Gəncədə isə “CityKart” sistemləri ilə ödəniş həyata keçirilir. Lakin ölkəmizdə nəqliyyat xidmətlərinin daha da təkmilləşdirilməsi istiqamətində vahid ödəniş kartı tətbiqinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Ehtimal olunur ki, sözügedən yenilik sayəsində, vətəndaşlar həm paytaxtda, həm də regionlarda ictimai nəqliyyatdan eyni kart vasitəsilə istifadə edə biləcəklər.
Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, praktik olaraq bu, çətin məsələ deyil, sadəcə olaraq hazırda mövzu müzakirə mərhələsindədir.
“Düşünürəm ki, bu kart tətbiq olunarsa, həm avtobusda, həm metroda, həm də qatar sistemlərində istifadə etmək mümkün olacaq. Vahid bir kartla ictimai nəqliyyatın və ona bərabər tutulan nəqliyyat növlərinin rahat istifadəsi təmin ediləcək”.
Ekspert bildirib ki, belə olduqda adlarla bağlı müəyyən təkliflər meydana çıxır:
“Məsələn, “BakıKart”, “CityKart” və s. Zənnimcə, bunun fərqi yoxdur, əsas məqsəd odur ki, bu sistem bütün ölkə üzrə keçərli olsun. Yəni, kart Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə ictimai nəqliyyatın bütün növlərində istifadə edilə bilsin.
Sistem necə işləyəcək və adı nə olacaq, bunu zamanla görəcəyik. Sözügedən məsələ ilə bağlı isə AYNA, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar tərəfindən işlər aparılır”, - deyə o əlavə edib.