Lənkəran Dövlət Universiteti (LDU) Elmi Şurasının 20 avqust 2020-ci il tarixli iclası KOVİD-19 səbəbindən, koronavirus pandemiyası ilə əlaqədar olaraq onlayn keçirilib. Şura sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iclas iştirakçılarını salamlayaraq onları gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi Şura üzvlərinin müzakirəsinə çıxarılan ilk məsələ “2020/2021-ci tədris ilinə hazırlığın vəziyyəti .Yaz semestrinin gedişi” olub. Bu barədə məlumatı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov şura üzvlərinin diqqətinə çatdırıb. 2020/2021-ci tədris ilinə hazırlıqdan söz açan İdrak Əsgərov bildirib ki, tədrisin onlayn qaydada təşkili üçün lazımi işlər görülüb,texniki imkanlar cəmləşdirilib.Həmçinin, tədris tapşırıqları fakültələr üzrə kafedralara göndərilib və dərs yuklərinin müəllimlər arasında ilkin bölgüsü aparılıb. Bu il bütün ixtisaslar üzrə yeni təhsil proqramları hazırlanıb və yekunlaşmaq üzrədir.
Yay semestrinin gedişindən danışan məruzəçi İ.Əsgərov qeyd edib ki, 2019/2020- ci tədris ilinin yay semestri Microsoft Teams proqramı əsasında onlayn qaydada davam edir. Bu tədris ilində yay semestrində 40 fənn üzrə qrup yaradılıb və dərslər təsdiq edilmiş cədvəl üzrə aparılır. Yay semestrinin dərsləri 29.08.2020-ci il tarixində yekunlaşacaq və 31.08.2020-ci il tarixdən 05.09.2020-ci il tarixinədək onlayn qaydada imtahanlar təşkil ediləcəkdir. Bu tarixlərdə eyni zamanda, təkrar imtahan üçün müraciət edən tələbələr üçün də maksimum iki fənn üzrə imtahanlar (4-5 sentyabr) təşkil olunacaqdır.
Məsələ ilə əlaqədar şura üzvləri, dekan, kafedra müdirləri təklif və rəylərini bildirərək , yeni tədris ilinə hazırlığın gedişi ilə bağlı geniş fikir mübadiləsi ediblər.
Elmi Şura üzvlərinin müzakirəsinə çıxarılan növbəti məsələ “Universitet üzrə yeni strukturun təsdiq olunması haqqında” olub.Bu barədə geniş məlumatı Maliyyə və mühasibat şöbəsinin müdiri Rəşad Rzazadə təqdim edib.Ürəkaçan yeniliklərdən biri də sentyabrın 1-dən LDU-da əmək haqlarının növbəti dəfə artırılacağı ilə bağlı xəbər olub.Şura üzvləri diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıq bildiriblər.
Yeni tədris ilinin əsaslı yeniliklərindən biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli qərarına əsasən Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar Texnoloji Kollecinin təşkil edilməsidir . Bu məsələ ilə bağlı Lənkəran Humanitar Kollecinin direktoru Ruslan Həmidov məruzə edərək idarəetmə strukturunun təşkil edilməsi istiqamətində işlərin yekunlaşmaq üzrə olduğunu, müvafiq təhsil proqramlarına uyğun tədris planlarının yenidən hazırlandığını deyib. Məruzəçi şura üzvlərinin çoxsaylı suallarını cavablandıraraq bildirib ki, bu yenilik kollecdə təhsilin səviyyəsinin yüksəlməsinə, modern təşkilinə müsbət təsir göstərəcək.
Elmi Şurada “Universitetin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işlər haqqında” Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyevin hesabatı dinlənilib. Məruzəçi bildirib ki, yeni tədris ilinə və qarşıdakı payız-qış mövsümünə hazırlıq işləri yekunlaşmaq üzrədir.I korpusda qazanxana binası yenilənib,bütün korpuslarda su-kanalizasiya, işıqlandırma sistemləri əsaslı təmir edilib ,aqrar ixtisasda təhsil alan tələbələr üçün tədris-təcrübə otaqları və yeni istixana binası tikilir.Azər Əliyevin cari tədris ilində LDU-da yeni 1500 yerlik tədris korpusunun inşasına başlanılacağı ilə bağlı xəbərini şura üzvləri sevinclə qarşılayıblar.
İclasda cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə səsvermə qaydasında qərarlar qəbul olunub.Şura iclasını yekunlaşdıran professor Natiq İbrahimov qarşıdakı tədris ilində bütün kollektivə uğurlar arzu edib.