
İmtahanlarda verilən tapşırıqlar dərsliklərə uyğun deyil, uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq edir kimi iradlar əsaslı və düzgün yanaşma deyil.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində deyib.
"Məsələn, uşaqların "oxuyub-anlama" bacarığını yoxlayarkən, dərslikdə olmayan, tanımadıqları bir mətni təqdim edirik. Çünki kurikulumda göstərilir ki, şagird bilmədiyi, tanımadığı mətni oxuyub-anlamalıdır. Biz imtahanda şagirdə ona tanış olmayan mətni veririk ki, oxuyub-anlama, eşidib-anlama qabiliyyətini yoxlayaq. Müəyyən sualların qoyuluşu elədir ki, biz məlumatı verir və soruşuruq ki, situasiyanın həllini necə görürsən. Diaqramlarla işləmək kimi tapşırıqlar da verilir. Bu və ya diaqram özü dərslikdə olmaya bilər və olmamalıdır, şagird diaqramla işləmək bacarığını məktəbdə öyrənməlidir. Bəzən isə buna irad bildirirlər ki, verilən tapşırıqlar dərsliklərə uyğun deyil, uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq edir. Burada heç bir məntiq yoxdur, belə iradlar əsaslı və düzgün yanaşma deyil", - deyə o qeyd edib.