
“Bu gün gəldiyimiz nöqtədə mən yerli məşqçi tərəfdarıyam və həmişə də belə olmuşam”.
Bunuaçıqlamasında keçmiş "Xəzər-Lənkəran FK"nun baş məşqçisi, futbol mütəxəssisi Ağasəlim Mircavadov ötən gün Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu şərh edərkən deyib.
“Ümumiyyətlə, mən qayıdıram 1993-1994-cü illərə – o ağır dövrlərə. Həmin vaxt da bu cür müzakirələr vardı. Məşqçiləri toplamışdılar, əksəriyyətimiz, eləcə də mən fikirləşirdik ki, yığmamızda yerli mütəxəssislər işləməlidir. Niyə? Çünki yeni və azad ölkə qururuq, yerli məşqçilər strukturu birliyi futbolumuzu tanıyır. Mən SSRİ dövründə də buna şahid olmuşam.
Təəssüf ki, bir müddət sonra bu mövzu gündəmdən çıxdı və diqqət xarici məşqçilərə yönəldi. Burada sual yaranır: niyə xarici məşqçi gətiririk? Əgər həmin mütəxəssis yaradıcıdırsa, özündən sonra nəsə qoyub gedirsə, yerli məşqçilərimiz ondan öyrənə bilirsə – bu, qəbahət deyil. Əksinə, daim öyrənmək lazımdır. Amma bəzi hallarda xarici məşqçilər heç bir iz qoymadan ölkəni tərk etdilər. Məncə, hətta elə hallar olub ki, bura gələnlər özü öyrənmək üçün gəliblər”.
Mütəxəssis həmçinin həmişə yerli məşqçi tərəfdarı olduğunu da dilə gətirib:
“Dünənki oyuna baxsaq, futbolçularımızın istəyi və ruhu aydın görünürdü – həm stadionda, həm də oyunun icmalında. Bu, bir daha göstərdi ki, doğru yanaşma və inamla yerli məşqçi yaxşı nəticə göstərə bilər. Əsas məsələ odur ki, rəhbərlik yerli məşqçiyə güvənməli və onun arxasında dayanmalıdır”.
Sabiq baş məşqçi onu da əlavə edib ki, statistikaya baxsaq, son 30 il ərzində klublarımızın ən böyük uğurlarının çoxunu yerli məşqçilər qazanıblar:
“Bu isə təsadüfi deyil. İndi bir əsas sual meydana çıxır: yerli məşqçi kim olmalıdır? Bu, düzgün analiz edilməlidir. Rəhbərlik həm ictimai fikrə, həm də real göstəricilərə əsaslanaraq qərar verməlidir”.
O eyni zamanda vurğulayıb ki, Ayxan Abbasovun dünənki oyunda etdiyi dəyişikliklər - müdafiədə və orta xətdəki düzəlişləri qısa müddətə böyük fərq və uğur yaratdı:
“Futbolçuların oyuna yanaşması, mübarizliyi və düşüncəli oyunu bunu sübut etdi. Bəli, səhvlər var idi, bu normaldır. Amma nəzərə almaq lazımdır ki, Ukrayna bu gün Avropanın ən güclü yığmalarından biridir. Onların heyətinin 80%-i Avropanın aparıcı klublarında çıxış edir.
Ən vacibi isə budur ki, bizim futbolçular inamla oynadılar. Qorxmadılar, çəkinmədilər, topu məqsədsiz uzaqlaşdırmadılar. Topa nəzarət etməyə, əks-hücumlar qurmağa çalışdılar. Bu isə uğurun əsas şərtlərindən biridir”,- deyə A.Mircavadov qeyd edib.
Xatırladaq ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.