
Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq.
Məsələ ilə bağlı müzakirələr aparılıb və tezliklə bu barədə ictimaiyyətə məlumat veriləcək.
İmtahanın qiyməti hələlik məlum deyil, bir sıra həssas qrupa məxsus şəxslərin ödənişdən azad ediləcəyi bildirilir.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri saytımıza açıqlamasında bildirib ki, sözügedən məsələ rəsmi təsdiqini taparsa, təhsil ictimaiyyətinin iradlarına səbəb ola bilər.
"Etiraf edim ki, onları bu iradlarında tam haqlı hesab etmək olar. Amma hələ də praktiki olaraq nəsə baş verməyib və ümid edək ki, bu hal heç yanaşmayacaq", - o qeyd edib.
E. Nuri bu yeniliyin heç də uğurlu yanaşma olmadığını, MİQ müsabiqəsinə qatılacaq müəllim və namizədlərdən qeydiyyat məqsədilə hər hansı ödəniş tələbinin doğru olmadığını bildirir:
“Məndə olan məlumata əsasən, dünya təcrübəsində belə bir praktika yoxdur. Təbii ki, burada söhbət sırf təhsil seqmenti və müəllimlərdən gedir. Doğrudur, bəzi ölkələrin təcrübəsində müəllimlər üçün istər işə qəbul, istərsə də hazırda bizdə müəllimlərin sertifikatlaşdırılması prosesinin alternativi olan qiymətləndirilmə müsabiqəsində ödəniş tələb olunur. Amma bunun özünün də müəllimlərin müsbətinə işləyən tərəfləri vardır. Məsələn, ABŞ-da bu proses il ərzində 4 dəfə təşkil olunur. Müəllim, yaxud, namizəd istədiyi zaman, könüllü surətdə müraciət etməklə imtahandan keçə bilər. Bu zaman o, bəli, ödəniş etməlidir. Çünki özü könüllü şəkildə müraciət edib və il ərzində bir yox, bir neçə fürsətdən yararlanmağı düşünür. Bizdə də təəssüf ki, magistratura səviyyəsi üzrə olmasa da, bakalavriatura səviyyəsi üzrə cari ilin məzunlarından yalnız ikinci şans imtahanlarında iştirak edəcəkləri surətdə ödəniş tələb olunur. Bununla belə, bu yanaşmanın MİQ-ə hansı zərurətdən tətbiq olunması ehtimalını isə sadəcə anlaya bilmirəm. Bu prosesi DİM daxilindəki imtahanlarla eyniləşdirə bilmərik. Çünki DİM dövlət qərarına əsasən hüquqi cəhətdən publik-hüquqi şəxsdir və onun özünü maliyyələşdirmə müstəqilliyi var. Lakin MİQ müsabiqəsi bütün 4 mərhələsi ilə birlikdə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunur. Təhsil siyasətinin əsas icraçı qüvvəsi olan nazirlik isə bu müsabiqələr üçün bəlli büdcə ayırır. Elə olan təqdirdə biz nədən müəllimlərdən MİQ-də iştirakları üçün ödəniş tələb etməliyik?!”
Onun sözlərinə görə, onsuz da son illər MİQ müsabiqəsi, onun faydalılığı ilə bağlı birmənalı fikirlər səslənilmir. MİQ-in xüsusən də vakansiya mərhələsindəki “sərt qaydalar” bu müsabiqəyə olan inamı xeyli sarsıdıb. Belə olan təqdirdə bu cür qərarın verilməsi isə sadəcə doğru hesab edilə bilməz:
“Son illərdə MİQ müsabiqəsinin az ala bütün mərhələləri (test imtahanı, müsahibə, vakansiya) ilə bağlı müəllim və namizədlər arasında çox ciddi narazılıqlar var. Bu il isə xüsusən də vakant yerlərin hədsiz azlığı, 92-93 ballıq nəticə göstərənlərin belə işlə təmin oluna bilməməsi müsabiqə ilə bağlı narazılıqları xeyli artırıb. Belə olan təqdirdə müsabiqədə iştirakın ödənişli əsaslarla olması müəllimlərdə narazılıqdan da çox, inciklik yaradacaq. Biz müəllim peşəsinə, bu peşəni seçən şəxslərə kifayət qədər həssas yanaşma sərgiləməliyik. Lakin bu yenilik nəinki MİQ-ə, həm də ümumilikdə müəllimlik ixtisasına olan marağı xeyli azalda bilər. Odur ki, on minlərlə müəllim kimi, mən də bu qərarla heç cür razı ola bilmərəm. Amma inanaq ki, mənim və digərlərinin narazılıq aspektinə heç ehtiyac da qalmaz”.