Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

30 yaşınadək əsgərlikdən yayınan gənc həkim CƏZALANDIRILDI

30 yaşınadək əsgərlikdən yayınan gənc həkim CƏZALANDIRILDI

Ağsu rayonunda yaşayan 30 yaşlı həkim hərbi xidmətə çağırışdan yayınmaqda təqsirli bilinib.

Gənc həkimin hərbi xidmətə çağırış möhlət hüququ 2024-cü ildə bitib.

Onun təhsilini başa vurduqdan sonra tibbi müayinədən keçməsi və hərbi xidmətə yollanması tələb olunub. Lakin həmin şəxs dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsinə çağırılsa da, müxtəlif bəhanələrlə getməyib.

Şöbə əməkdaşları onunla mütəmadi əlaqə saxlayıb, hətta ailə üzvlərinə də məlumat verilib. Amma o, hər dəfə müxtəlif səbəblər göstərərək müayinəyə gəlməyib.

Gənc həkim ifadəsində bildirib ki, rezidentura imtahanları və daha sonra aldığı topuq zədəsi səbəbindən çağırış vaxtında həkim komissiyasına getməyib.

Məhkəmədə gənc həkim özünü təqsirli bilmədiyini deyib və hərbi xidmət keçməyə hazır olduğunu vurğulayıb. Müdafiə tərəfi onun həkim kimi işlədiyini, sağlamlıq problemlərinin olduğunu və cəmiyyət üçün faydalı fəaliyyət göstərdiyini əsas gətirərək bəraət istəyib.

Lakin məhkəmə hesab edib ki, həkim qəsdən müxtəlif bəhanələrlə vaxtı uzadıb və nəticədə hərbi xidmətə getməkdən boyun qaçırıb. Nəticədə ona üç ay həbs cəzası verilib.

Qanuna əsasən, cəza şərti hesab edildiyindən, o, azadlıqda qalacaq. Altı ay sınaq müddəti müəyyən olunub. Bu müddətdə daimi yaşayış yerini icazəsiz dəyişməməli və müvafiq dövlət orqanlarına məlumat verməlidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də