
Valideynlərini itirən uşağa qohumları tərəfindən ağır işgəncələr verildiyi barədə xəbərlər yayılıb.
Bu barədə sosial şəbəkədə “Qadın və Uşaq Sığınacağı” tərəfindən görüntülər paylaşılıb.
İddia edilir ki, yeniyetmənin 14 yaşı var və davamlı olaraq ağır işgəncələrə məruz qalıb: “Anası həyatını itirib, atası isə həbsxanada dünyasını dəyişib. Adının çəkilməsini istəməyən şəxslər bildiriblər ki, uşağı qəyyumluğa götürən xalası ona davamlı olaraq işgəncə verib. Uşağa qarşı aylardır zorakılıq edilib…”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən açıqlamada deyilir ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə bağlı digər məlumatlar araşdırma gedişatında bəlli olacaq.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı hadisəyə hüquqi qiymət veriləcək.