Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR

1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni dərs ili yaxınlaşdıqca valideynlər mağaza və bazarlarda məktəbli geyimləri, çantalar və digər ləvazimatların axtarışına çıxıblar.

Qiymətlər, seçim imkanları və keyfiyyət məsələsi isə hər il olduğu kimi bu dəfə də müzakirə mövzusudur.  Elm və Təhsil Nazirliyinin "Azərbaycan müəllimi" qəzeti qiymətlərlə bağlı araşdırma aparıb.

Valideynlərdən biri iki övladı üçün məktəb alış-verişinə 250-300 manat xərclədiyini deyir. Onun sözlərinə görə, bir uşağa geyim xərcləri orta hesabla 75 manatdan başlayır, amma dəbli dükanlardan alınanda 100-200 manata qədər yüksələ bilir. Çantaları isə endirimlə 28 manata alıb: “Evdə keçən ildən qalan çantalar olsa da, uşaqların sevinci üçün yenisini alıram”.

Özbəkistandan gəlmiş valideyn İradə Hamit isə ilk alış-verişini 100 manata tamamladığını bildirir: “Ümumi xərclər təxminən 300 manat olacaq. İki il əvvəl qiymətlər daha baha idi, indi isə bir az ucuzdur”.

Başqa bir valideyn Amaliya Seyidcamalova isə bu il geyimlərin ötən ildən ucuz olduğunu qeyd edir: “Ötən il bir köynəyi 15 manata almışdım, indi 9 manata. Çantamızı isə 16 manata aldıq. Ümumi xərclərimiz 150 manata yaxın olacaq”.

Satıcıların sözlərinə görə, məktəbli geyimlərinin qiymətləri mağazadan mağazaya dəyişir. Lamiyə Nəcəfli bildirir ki, Türkiyə istehsalı olan köynəklər 20 faiz, şalvarlar isə 15 faiz endirimlə satılır. Ayaqqabılar 50 manata, çantalar isə 40-50 manat arasında dəyişir. Başqa bir satıcı Xalid Tağıyev isə qiymətlərin 12-40 manat arasında olduğunu, eyni məhsulların mərkəzdə 70-80 manata təklif edildiyini vurğulayır.

Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov isə rəsmi olaraq qiymətlərin ciddi endirimlə satıldığını bildirir: qısaqollu köynəklər 8 manata, uzunqollular 10 manata, şalvar və ətəklər 15 manata, jaketlər isə 20 manata endirilib. Onun sözlərinə görə, keyfiyyətsiz və mənşəyi məlum olmayan ucuz mallar bazara çıxarıldığından qiymətlər aşağı salınıb.

Uşaqlar isə yeni çanta və geyimlərini həyəcanla sınayır. 6-cı sinif şagirdi Emin Qaflanov futbol şəkilli çanta istəsə də, anası daha rahat model seçib. 1-ci sinifə gedəcək Emil Quliyev isə göy-qırmızı çantasını sevinclə kürəyinə taxaraq ilk məktəb gününü səbirsizliklə gözləyir.

Beləliklə, valideynlərin sözlərinə görə, bir şagirdin məktəb bazarlığı orta hesabla 150-300 manat arasında dəyişir. Qiymət fərqləri isə daha çox seçilən məhsulun keyfiyyətindən və alış yerindən asılıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də