
İsrail iyun ayında İranın yüksək rütbəli hərbi rəhbərlərini və aparıcı alimlərini onların mühafizəçilərinin ehtiyatsızlığı hesabına asanlıqla zərərsizləşdirə bilib.
Bu barədə The New York Times İsrail və İran rəsmilərinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, illərdir İran rəhbərliyinin mühafizəçiləri sosial şəbəkələrdən aktiv istifadə edib və gizli görüşlərə mobil telefonlarını aparıblar. Bu isə İsrail kəşfiyyatına hədəfləri izləmək və koordinatları dəqiqləşdirmək imkanı verib.
Mənbə nümunə kimi İranla İsrail arasında müharibənin dördüncü günündə keçirilən fövqəladə toplantını göstərib. Təhlükəsizlik Şurasının gizli iclası Tehranın qərbində, 30 metr dərinlikdə yerləşən bunkerdə baş tutub. Görüşdə İran prezidenti Məsud Pezeşkian, ədliyyə və kəşfiyyat nazirləri, həmçinin yüksək rütbəli komandirlər iştirak edib. İştirakçılar mobil telefonlarını özü ilə götürməsələr də, İsrail aviasiyası qısa müddət sonra bunkerə zərbə endirib. Altı bomba giriş və çıxış qapılarını hədəf alıb. Rəsmi şəxslər sağ qalsa da, bir neçə mühafizəçi hadisə yerində həlak olub.
Qəzetin məlumatına görə, İsrail kəşfiyyatı hələ 2022-ci ildən İranın nüvə proqramında çalışan alimləri izləyib. İlkin siyahıda 400 nəfər yer alsa da, sonradan əsas diqqət 13 ən vacib mütəxəssisin zərərsizləşdirilməsinə yönəlib. Paralel olaraq, İranın yüksək rütbəli hərbi komandirlərinin də aradan götürülməsi planlaşdırılıb və onların hamısı müharibənin ilk günlərində məhv edilib.