
ABŞ oktyabrın 1-dən etibarən viza rüsumlarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Turist vizası üçün müraciət haqqı 135 faiz artaraq 185 dollardan 435 dollara qaldırılıb.
Konqresin Büdcə Ofisi yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sektorunun nümayəndələri 29 milyard dollara qədər itki gözləyir.
Tələbə və mübadilə proqramı vizaları (F, J, M) və iş vizaları (H-1B, L-1, O-1) daxil olmaqla bir çox kateqoriyalarda viza ödənişləri bahalaşacaq.
ABŞ-yə bütün dünya ölkələrindən olduğu kimi Azərbaycandan da getmək istəyənlərin sayı kifayət qədərdir.
Ötən il neçə nəfər Azərbaycan vətəndaşına viza verildiyini araşdırıb.
ABŞ-nin Azərbaycandakı səfirliyindən sorğumuza cavab olaraq bildirilib ki, ötən il 10 867 nəfər azərbaycanlıya qeyri-immiqrasiya vizası verilib.
“2024-cü maliyyə ilində (1 oktyabr 2023-cü il -30 sentyabr 2024-cü il) Azərbaycan vətəndaşlarına 10 867 qeyri-immiqrasiya vizası verilib”, - Səfirlikdən qeyd edilib.