
Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən, şəhidlərimiz - jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışovun “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı (ölümündən sonra) avqustun 27-də Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində onların ailə üzvlərinə təqdim edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir qrup media mənsubunun da iştirak etdiyi tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin daim ehtiramla yad olunduğunu vurğulayıb.
"Hər iki şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də bütün şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların ictimaiyyətə çatdırılmasında, hərbi-vətənpərvərliyin təbliğində və dezinformasiyalara qarşı mübarizədə Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqda fərqlənən bir qrup media nümayəndələri də tədbirdə təltif ediliblər", - məlumatda bildirilib