Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tezliklə 5 bölgədə müharibə başlayacaq – ŞOK PROQNOZ

Tezliklə 5 bölgədə müharibə başlayacaq – ŞOK PROQNOZ

Amerikanın nüfuzlu "Politico" nəşri böyük rezonans doğuran təhlil dərc edib. Məqalədə qeyd olunur ki, dünya növbəti beş ildə ciddi hərbi qarşıdurmalarla üzləşə bilər və bu mühariblər hazırkı geosiyasi nizamı sarsıdacaq gücə malikdir.

Analitiklərin fikrincə, müasir texnologiyalar, dronlar, avtonom silah sistemləri, kibertəhlükələr eskalasiyanın qəfil və nəzarətsiz başlaya bilmə ehtimalını artırır.

Məqalənin girişində Baltik regionu ilə bağlı təsəvvür edilən təhlükəli ssenari diqqət çəkir:

2027-ci ilin martında Moskva–Kalininqrad qatarı Litva ərazisində elektrik kəsintisinə görə dayanır. Sərnişinlər saatlarla qatarda ac və susuz qaldıqdan sonra Kalininqrad rəhbərliyi “qida yardımı” bəhanəsi ilə xüsusi təyinatlı qüvvələri Litvaya keçirir. Qısa müddətdə gərginlik silahlı insidentlə nəticələnir və Kreml “xilasetmə əməliyyatı” adı ilə qoşunlarını Litvaya yeridir. NATO və ABŞ-a təcili yardım çağırışları edilir.

"Politico" yazır ki, bu hadisə hələlik uydurmadır, amma çox real görünür. Çünki Baltikyanı ölkələr - Estoniya, Latviya, Litva həm Rusiya üçün strateji hədəfdir, həm də NATO-nun zəif nöqtəsi hesab olunur.

Nəşrin proqnozlaşdırdığı 5 müharibəni təqdim edir:

Hindistan – Pakistan

Bu ilin mayında iki ölkə arasında artıq raket zərbələri mübadiləsi baş verib. Səbəb Kəşmirdə törədilən terror aktı idi. Ekspertlər xəbərdarlıq edirlər ki, hər iki dövlətin nüvə arsenalı (Hindistanda təxminən 180, Pakistanda 170 başlıq) var və bu fakt insidenti regional fəlakətə çevirə bilər. Üstəlik, daxili siyasi təzyiqlər tərəfləri istəkləri olmadan belə eskalasiyaya sürükləyə bilər.

Çin – Tayvan

Çin lideri Si Cinpin Tayvanın birləşdirilməsini siyasi irsinin ən mühüm tərkib hissəsi sayır. "Politico"ya görə, o, 2027-ci ilə qədər güc tətbiqinə əl atmağa hazırlaşa bilər. Bu halda ABŞ və onun Asiya-Sakit okean alyansları ciddi sınaqla üzləşəcək. Belə bir müharibə yalnız regionu deyil, həm də bütün beynəlxalq təhlükəsizlik sistemini dəyişdirə bilər.

Rusiya – Baltikyanı ölkələr

Moskva Litva, Latviya və Estoniyaya qarşı “hibrid əməliyyatlar”a, kiberhücumlar, təxribatlar və “rusdilli əhalinin müdafiəsi” bəhanəsinə əl ata bilər. Kreml bununla NATO-nun birliyini sınağa çəkmək və 5-ci maddəyə olan inamı zəiflətmək niyyətindədir. "Politico" bildirir ki, belə bir ssenari sürətlə nəzarətdən çıxaraq NATO-Rusiya qarşıdurmasına çevrilə bilər.

Hindistan – Çin

İki nəhəng arasında Himalay sərhəd mübahisələri illərdir davam edir. 2020-ci ildə baş verən toqquşmalarda onlarla hərbçi həlak olmuşdu. Bu bölgə az əhalili və strateji baxımdan məhdud əhəmiyyətə malik görünsə də, hər hansı insident sürətlə genişmiqyaslı müharibəyə çevrilə bilər.

Koreya yarımadası

1953-cü ildən bəri Şimali və Cənubi Koreya arasında müharibə rəsmən başa çatmayıb. Pxenyanın davam edən nüvə proqramı, iqtisadi böhran və ABŞ-ın regiondakı rolunun zəifləməsi vəziyyəti daha da təhlükəli edir. Politico vurğulayır ki, hətta Cənubi Koreya və Yaponiyanın öz nüvə proqramlarını yaratmaq ehtimalı belə gündəmə gələ bilər.

"Politico" xəbərdarlıq edir ki, müharibələr çox vaxt lokal insidentlərdən, texniki səhvlərdən və ya təxribatlardan başlayır, amma sonradan qlobal miqyas alır. Belə ssenarilər iqtisadi böhran, beynəlxalq ticarət yollarının iflici və nüvə silahı təhlükəsi ilə nəticələnə bilər.

Əvvəllər dünyanın əsas sabitlik qarantı hesab olunan ABŞ indi həm müttəfiqlər, həm də rəqiblər üçün “ən böyük qeyri-müəyyənlik faktoru”na çevrilib. Bu isə yaxın illərdə dünyanı daha da təlatümlü edə bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də