
Qaradağ rayonu ərazisindəki "Sədərək" ticarət mərkəzində baş verən dəhşətli yanğın ciddi müzakirə mövzusudur. Dünənki yanğın son 8 ildə sözügedən ticarət mərkəzində baş verən 10-cu belə hadisədir. Bu dəfə də sahibkarlara külli miqdarda ziyan dəyib. Yanğına görə sahibkarlara dəymiş ziyanın isə yəqin ki heç kim ödəməyəcək.
Məsələyə münasibət bildirən iqtisadçı Eyyub Kərimli deyib ki, “Sədərək” ticarət mərkəzində qanunsuzluqlar çoxdur.
“Müqavilə şərtləri də kobud şəkildə pozulur. Şəxsən özüm dəfələrlə haqsızlıqlarla üzləşmişəm. İnsanların mülkiyyət hüququnu istədikləri kimi pozurlar. Mağaza alanda hər kəsə çıxarış veriləcəyinə söz verdilər, hətta bu, müqavilədə də öz əksini tapıb. Amma hələ də heç kəs çıxarışla təmin edilməyib. Ödəniş edib aldığın mağazaya icarə haqqı yığırlar. Halbuki bu, müqavilədə öz əksin tapmayıb. Yanğın təhlükəsizliyi təmin edilmədiyindən, müqavilələr düzgün tərtib olunmadığından sığorta şirkətləri də orada xidmət göstərə bilmirlər”.